
"Kürdəmirin Pirili kəndinin sakinləri 12 kilometrlik yolun, daha doğrusu, bu yolu düzəltməli olan yerli qurumların əlində sözün əsl mənasında əsir-yesir qalıblar".
Qaynar.info xəbər verir ki, bu barədə Marka.az-a Kürdəmirdən daxil olan şikayət məktubunda bildirilir.
Sakinlərin sözlərinə görə, prezident İlham Əliyevin sərəncamı var ki, bütün rayon, kənd yolları təmir-bərpa olunsun. Ancaq bu sərəncam, deyəsən, hələ də Kürdəmirə gəlib çıxmayıb, ya da icra başçısı bu sərəncamla yox, özünün yaratdığı qaydalarla işləməyə üstünlük verir: "Yayda birtəhər keçinmək olar. Ancaq qış gələndə yollar keçilməz olur. Yağış yağanda 10-12 dəqiqəlik yolu ən azı saat yarıma gedirik. Bəzən xəstəni rayon mərkəzindəki xəstəxanaya çatdıra bilmirik, yolda keçinir. Hamilələr elə yolda doğur. Hamı bilir ki, bu kənddə yaşayanlar maldarlıqla, əkinçiliklə dolanır. Ancaq yol bərbaddır deyə, heç bir müştəri bu kəndə gəlmək istəmir".
Kürdəmir Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda yol çəkilişi regionların iqtisadi inkişafı proqramına uyğun və növbəli şəkildə aparılır. Rayon mərkəzi ilə Pirlini birləşdirən yolda bir qədər əvvəl müvəqqəti təmir işləri aparılıb. Növbəti ildə yol kökündən təmir-bərpa olunacaq.
Kənd sakinləri isə bildirdilər ki, bu vəddən ildə bir dəfə eşidirik: "Əvvəl də söz vermişdilər. Gətirib yolun başlanğıcına bir-iki maşın qırabil töküb getdilər".
Qaynar.info