
Səbail rayon sakini Ramin Həsənov icra hakimiyyətini qanunsuzluqda ittiham edir. Qaynar.info-ya məlumat verən rayon sakini bildirir ki, Səbail Rayon İcra Hakimiyyəti yeni qəbul olunmuş Şəhərsalma və Tikinti Məcəlləsinə əhəmiyyət vermir, bir sözlə, vətəndaşın hüquqlarını pozur:
"Səbail rayonu Bibiheybət qəsəbəsində yerləşən və 30 ildən çox bir vaxt ərzində qanuni istifadəmdə olan həyatyanı torpaq sahəmdə hündürlüyu 5 metr, sahəsi 80 kvadratmetr olan birmərtəbəli yardımçı tikili tikməyimə icazə verilmir. Halbuki yeni qəbul olunmuş Şəhərsalma və Tikinti məcəlləsinin 79 maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahisinda məhz bu cür tikililərdə göstərilib. Yəni bu tikintini aparmaq ücün heç icra hakimiyyətinin məlumatlandırılmasına ehtiyac yoxdur".
Vətəndaş bildirir ki, icra hakimiyyətində çalışan məmurlar onun tikiti aparmasına mane olurlar: "İcra hakimiyyətinin Sahib və Anar adlı əməkdaşları tikintinin aparilmasına qanunsuz mudaxilələr edirlər. Mən onları başa sala bilmirəm ki, tikinti prezidentin fərmani ilə Milli Məclis tərəfindən qəbul olunmuş məcəllə əsasında aparılır. Təbii ki, neçə illərdir tikinti işlərinin aparılmasına ancaq rüşvət müqabilində icazə verən Səbail Rayon İcra Hakimiyyətinin əməkdaşları belə bir pul mənbəyinin qapadılması ilə heç cür razılaşa bilmirlər. Artıq 10 ilə yaxındır ki, mənə məxsus olan mülkdə hətta xırda bir tikinti işi də apara bilmirəm. İcra hakimiyyətinin işçilərinin istədikləri məbləğə isə yaxın durmaq olmur. Ətrafımızda onlarla mülkiyyətçi icra hakimiyyəti tərəfindən həyata keçirilən bu cür qanunsuzluqlardan əziyyət çəkir. Milli Məclisdə bu məcəllənin qəbul olunmasina səs verən hər bir deputatdan bizə kömək olmalarını, həmçinin səlahiyyətli orqanlardan bütün bu özbaşınalıq və qanunsuzluqları görməməzliyə vurmamalarını xahiş edirik"