(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanıb)
Dünya düzəni qurulandan toplumların ən vacib xüsusiyyətlərindən biri cəmiyyət olaraq formalaşa bilmək olub. Formalaşan cəmiyyətin əsasında isə hüquqi normalar, qanunlar, insanların həm də sosial rifahının təmin edilməsi dayanıb. Dövlət və cəmiyyət qarşılıqlı anlaşma, prinsip əsasında müəyyən olunmuş qanun və hüquqi normalara əməl etməlidir desək, yanılmarıq.
Dövlətin əsas vəzifələrindən biri də insanların hüquq və azadlıqlarını təmin etməkdir. Bəs bu qarşılıqlı fəaliyyət necə tənzimlənir? İctimai və dövlət maraqları dedikdə nə nəzərdə tutulur?
Qaynarinfo bu sualları politoloq Əziz Əlibəyli ilə müzakirə edib.
- Əziz bəy, bu gün tez-tez eşitdiyimiz ifadələr var - dövlət və ictimai maraqlar. Dövlət xadimləri də, ictimai şəxslər də tez-tez bu ifadələri işlədir, çıxışlarında yer verirlər. Dövlət və ictimai maraqlar dedikdə nə nəzərdə tutulur?
- İctimai maraqlar dedikdə cəmiyyətdə fərdlərin tam şəkildə mənafe və hüquqlarının qorunması, təmin olunması, şərait yaradılması və adekvat olaraq onların hüquqları ilə bağlı vaxtaşırı qanunvericilk bazasının təkmilləşdirilməsi nəzərdə tutulur. Bütünlükdə dövlətin prioritet vəzifələrindən biri ictimai maraqların müdafiəsidir. Şübhəsiz ki, Azərbaycanda, xüsusilə humanitar və sosial sahədə müxtəlif proqramların qəbul edilməsi, rifahın əsas prinsip olaraq elan olunması, başlıcası sosial-iqtisadi proqramlarda, sosial inkişaf strategiyalarının qəbul edilməsinin əsasında ictimai maraqlar dayanır.
Burada o cümlədən, ən uzaq müddətə qəbul edilmiş proritet məsələlər var. Bu məsələlərin belə elan olunmasında əsas məqsəd ictimai maraqların təmin olunmasıdır. Qısa desək, ictimai maraqlar fərdin hüquqlarının, azadlığının, normal sosial durumunun təmin edilməsi yanaşmasıdır.
- Bəs bu məsələdə dövlətin maraqları nədir? Onu necə ifadə edə bilərik?
- Əlbəttə ki, bir də dövlətin maraqları var. Bunlar bir az fərqli məsələlərdir. Çünki dövlət dedikdə biz idarətemə sistemini nəzərdə tuturuq. Bu mənada daha çox dövlət maraqları ifadəsi xüsusi olaraq fərdlərin deyil, fərdlər üstü idarəetmə alətlərinin, xüsusən də həm inkişaf strategiyalarında, həm milli maraqlarının təmin edilməsində, həm də daxili və xarici siyasətdəki konsepsiyaların icrasında xüsusi əhəmiyyət kəsb edir. Burda artıq kollektiv idarəetməni, yəni məmur korpusunun, o cümlədən idarə edən, qərar verən şəxslərin hər birinin ümumilikdə fəaliyyətinin məcmusu nəzərdə tutulur. Birincidə biz şəxsdən danışdıqsa, ikinci də isə funksionallıqdan və idarəetmə aparatından bəhs edirik. Və əlbəttə ki, burda dövlət maraqları da çox önə çıxır. Dövlət maraqlarının əhatə dairəsi isə həm də müxtəlif sahələrə aiddir. Məsələn, hər hansı bir xarici dövlət qarşısında zəif görünməmək, güzəştə getməmək, daxili və xarici siyasətdə mövqeləri möhkəm müdafiə etmək, hərbi və iqtisadi sahədə prioritetləri tam şəkildə həyata keçirmək və s.
Fikir versək görərik ki, dünyanın hazırki dönəmində bu proses kifayət qədər ağrılı keçir. Bəzi dövlətlər özünün inkişafını yaşadığı anda, digərləri tənəzzülə doğru gedir. Bu prizmadan baxsaq, Azərbaycan Respublikasını fərqləndirmək olar. Dövlətimizin məhz 30 illik işğala son qoyması ən böyük dövlət marağının müdafiəsi ilə bağlı idi məsələ idi.
- Əziz bəy, dövlətin ictimai maraqları qorumaqda mövqeyi necə olmalıdır?
- Burda iki yanaşma var. Birincisi, formalaşdırılmış ictimai rəy anlayışıdır, ikincisi isə təsir edilərək formalaşdırılmış ictimai rəy. Hazırda ictimai rəyi formalaşdıran bir nömrəli alət sosial şəbəkədir. Sosial şəbəkələrdəki təsir qrupları nüfuzlu şəxslər, blogerlər, lobbi icraçıları ictimai rəyi formalaşdırırlar. Təbii ki, idarəedici şəxslər də xüsusi pay sahibidirlər. Bu mənada qeyd etmək lazımdır ki, dövlət ictimai rəyi mütləq izləməlidir və öz maraqlarının müdafiəsində ictimai rəyin formalaşmasını təşkil eləməlidir.
- Bu proses necə baş verməlidir?
- Dövlət özü ictimai rəyin tələbinin ön plana çıxarılmasında maraqlı olmalıdır. Əvvala ictimai rəyin gözləntiləri qarşılanmalıdır. Mütləq şəkildə atılan hər bir addım mütərəqqi addım hesab olunur. Çünki dövlət ilk növbədə konstitusion yanaşma ilə ortaya qoymalıdır ki, vətəndaşın rifahı əleyhinə addımlar atıla, qərarlar verilə bilməz. Bu idarəetmənin ilk prinsipidir. Yəni mütləqdir ki, dövlət atdığı addımların əvvəldən əsaslandırmasını versin. İkincisi, dərhal izahını verməlidir. Üçüncüsü, "böhran komunikasiyası” anlayışı var. Yəni dövlət öz sosial şəbəkə təsir mexanizmləri vasitəsi ilə informasiyanın bölüşdürülməsini həyata keçirilməlidir.
Bir missal çəkim. Hələ Vətən müharibəsindən əvvəl Azərbaycanda bir həftə ərzində 70 000 könüllünün hərbi komisarlığa müraciət etməsi həm də onu göstərdi ki, dövlət ictimai rəylə işləyə, onun təsir dinamiklərini rahat şəkildə anlaya bilir.
- Vətəndaşların üzərinə hansı vəzifələr düşür? Biz cəmiyyət olaraq hansı prinsipləri əsas tutmalıyıq?
- Ən önəmli məsələ vətəndaş cəmiyyətinin təşəkkül tapmasıdır. İctimai maraqlar ümumiyyətlə o zaman cəmiyyətdə təsbit olunur ki, orda vətəndaş cəmiyyət institutları çox güclüdür. QHT sektoru, təşəbbüslər, eyni zamanda seçki sisteminin ədalətliliyi, insanlara seçim azadlığının tanınması, alternativlik və s. Şübhəsiz bunlar çox önəmli məsələlərdir və müxtəlif peşə sahiblərinin cəmiyyətlərdə sərbəstliyi, yəni hüquq çərçivəsində fəaliyyət göstərə bilmələri, onların fəaliyyətinin rəsmi qrumlar tərəfindən məhdudlaşdırılmaması, fəaliyyət dairələrinin tanınması dövlətin ictimai maraqların təmin edilməsində verə biləcəyi ən böyük töhfədir. Bunu iki istiqamətdə ayırmalıyıq. Birincisi, dövlət şəraitin formalaşdırılması nöqteyi-nəzərindən adil bir düzən formalaşdırmalıdır. İkincisi, müdaxilə edilməməlidir.
- Bəs vətəndaşların hüquqları?
- Bilavasitə vətəndaş-ictimai maraq-dövlət marağı üçbucağında ən böyük məsuliyyət mütləq şəkildə idarə edən tərəfin, yəni dövlətin üstünə düşür deyə biz tam şəkildə müəyyənləşdirə bilmərik ki, vətəndaşın üzərinə hansı vəzifələr düşür.
Vətəndaşın üzərinə qoyulan iki vacib vəzifə var. Birincisi, hüquqlarını bilməsi, vəzifələrinə əməl etməsi və tələbetmə məsələsidir. Hüquqdur, vəzifədir, bunlar çox önəmlidir. Amma ilk növbədə bu hüquq və vəzifələrə istinad olmalıdır ki, vətəndaş üçün də istinad nöqtəsi mütləq şəkildə qanunlar olsun. Əks halda, bunu vətəndaş üçün biz tezislər şəklindən irəli aparmaq imkanına malik olmayacağıq. Bu mənada çalışmaq lazımdır ki, vətəndaş instituna imkan yaradılsın. Vətəndaşın özü mütəşəkkilliyi, qanunların gücünü bilməsi, qanunların xarakteri ilə vətəndaşın hərəkətliliyinin prinsipial olaraq üst-üstə düşməsi həmin bu məsələni gətirib gündəmə çıxartmalıdır. Çünki vətəndaş onu qeyri-qanuni şəkildə tələb edə bilməz. Əgər qanunun özünü bilmirsə, demək ki, burda hüquqi maariflənməsinə, cəmiyyətin özünün təşəkkülünə ciddi ehtiyac var. Bütünlükdə isə bu, bir az təhsil fəlsəfəsinə bağlı bir məslədir. Yəni inkişaf etmiş bir cəmiyyət qurmaq istəyirsənsə, mükəmməl bir təhsil konsepsiyası yaranmalıdır. Təhsil özü ilə yanaşı, təsbit edilmiş, dərk edilmiş hüquqlar anlayışını da gətirir. Bu mənada vətəndaşlar üçün dərk edilmiş hüquqlar çox vacibdir. Dərk edilmiş hüquq əlçatan hüquq anlayışını doğurur. Vətəndaşlar ilk növbədə institutlaşdırılmalıdır.
- Necə düşünürüz, bu məsələlərdə KİV-in üzərinə hansısa bir məsluyyət düşürmü?
- KİV bilavasitə maarifçilik funksiyası, hüquqi funksiya, demokratik funksiya daşıyır. Onların hüququ tapdanmamalıdır. KİV ictimai vəkildir, hüquqşünasdır, ictimai idarəetmə orqanının konseptual olaraq alternatividir. Ona görə də biz KİV-ə sadəcə informasiya çatdırmalı olan sektor kimi yanaşmamalıyıq. Bu həm də problemlərin həllində yardımçı olur. Ən əsası, hüquqa doğru gedən yol mütləq şəkildə KİV-lərin fəaliyyətindən keçir. İdarəetmənin şəffaflığı avtomatik şəkildə ictimai maraqlara da öz töhfəsini vermiş olur.
Günay İlqarqızı
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.