(Yazı "İctimai və dövlət maraqlarının müdafiəsi" mövzusu üzrə hazırlanmışdır)
İctimai və dövlət maraqlarının müdafiəsi hər bir cəmiyyətin başlıca məqsədlərindən biridir. İctimai və dövlət maraqlarının müdafiəsi müasir dövrdə aktual məsələ olmaqla, özəl bir mahiyyət kəsb edir. Dövlət marağının əsas obrazı rolunda vətəndaş və bütöv cəmiyyət çıxış edir. Bu maraqların qorunduğu məkanlarda cəmiyyət normal şəkildə öz axarı ilə inkişaf edir. Bunun əksi olan məkanda isə mütərəqqi inkişafdan söz açmaq qeyri-mümkündür. Cəmiyyət ayrı-ayrı fərdləri özündə birləşdirərək, sonda böyük bir toplum, maraqlar məkanı kimi çıxış edir. Dövlət isə bu zaman himayəçilik missiyasını həyata keçirir. Ona görə də, cəmiyyət və dövlət maraqları bir-birilə sıx bağlı olaraq vəhdət təşkil edir.
Mövzu ilə bağlı açıqlama almaq üçün Milli Dirçəlişl Hərəkatı Partiyasının sədri Fərəc Quliyevə müraciət etdik. O bildirdi ki, dövlət maraqlarının qorunmasının əsasında cəmiyyətin və fərdlərin rifahı dayanır:
- Məsələni prinsipcə belə qoymaq olar ki, istənilən insanın fərdi, qrup və partiya marağı var. Amma məsələ ondadır ki, bütün bu maraqları dövlət maraqları içərisində qorumalıyıq. Dövlət maraqlarını qorumalıyıq ki, yuxarıda qeyd etdiyim bu maraqlar da qorunsun. Dövlətin ana məqsədi icmanı idarə etmək və onların rifahını yaxşılaşdırmaqdır. Özü də bu maraqları tək hakimiyyətdə olanlar təmin etməməlidir. Müxalifətdə olan partiyalar, qeyri-hökumət təşkilatları, cəmiyyətdəki nüfuzlu şəxslər də bütün davranışlarında bu tezisi əsas götürməlidir. Bir sözlə, dövlətin maraqları dedikdə, burada söhbət millətin dövlətimizi quruyub saxlaması, suverenliyin hər yerdə tətbiq olunması və insanların rifahını yüksək şəkildə təmin etməkdən gedir. Bunun üçün də ilk növbədə iştirakçılıq vacibdir. Digər tərəfdən, ictimai nəzarət də vacib elementdir. Bu iki amil olmasa, dövlətlə insan arasında qarşılıqlı himayə mexanizmi də olmayacaq. Hətta dövlətlə diaspor arasında qarşılıqlı himayə mexanizmi qurmaqla ictimai və dövlət maraqlarını təmin etməliyik. Çünki son olaraq bu maraqlar bir məfhum halında toplanmalıdır. Burada idarəetmə mexanizminin şəffaflığı, insanların demokratik şəkildə dövlət idarəetməsində iştirakı, qanun qarşısında hamının bərabərliyi, həm də idarəetmədə hüquqla məsuliyyətin bölüşdürülməsi və ictimai nəzarətin olması vacib elementdir.
- İctimai və dövlət maraqlarının qorunması üçün müdafiəsi istiqamətində bu günə qədər hansı addımlar atılıb və daha hansı addımlara ehtiyac var?
- Əslində, bütün sahələrdə, istər sosial, iqtisadi, istərsə də siyasi sahədə aparılan islahatlar dövlət və ictimai maraqların qorunmasına xidmət edir. Son zamanlar Prezident Adminstrasiyasında siyasi partiyalarla iş üzrə şöbənin yaranması ilə siyasi mühitdə yaranan yenilənməni normal qəbul etdik. Hesab edirəm ki, dövlət maraqlarının qorunması fonunda cəmiyyətin siyasi palitrada anlaşması, barış mühitində olması, daha çox dünyagörüşünün savaş olması, ancaq zehniyyət mübarizəsinin ortalıqda olması vacibdir. Bundan sonra da siyasi palitrada hamının iştirakı və hamının ictimai-siyasi mühitin yaxşılaşması istiqamətində çalışması üçün münbit şərait yaranmalıdır. Düşünürəm ki, bundan sonrakı mərhələdə seçki sistemində yenilənmə olmalıdır. Proporsional, yaxud qarışıq seçki sistemi təmin olunmaqla siyasi partiyalara, müxtəlif siyasi düşüncələrə daha çox yer verilməlidir. O zaman artıq ortaya qoyulan konsepsiyalar prosesə töhfə verəcək. Bu istiqamətdə ardıcıl islahatlar aparılır. Amma ləngimələr də var. Bəzi köhnə təfəkkürlü məmurlar, monopolistlər buna mane olur. Cəmiyyətimizin bu məsələdə səbirli olması və dəstək göstərməsi nəticəsində sonda yenilikçi düşüncə qalib gələcək.
- İctimai və dövlət maraqları vəhdət təşkil etməlidirmi? 44 günlük müharibədə əldə edilən qələbədə bu vəhdət nə kimi rol oynayıb?
- İctimai və dövlət maraqları deyəndə onları bir-birindən ayırmaq olmaz. Dövlət maraqları elə ictimai maraqdır. Dövlət cəmiyyətin qurduğu idarəetmə sistemidir. İctimaiyyətin məmnunluğu o halda təmin olunur ki, dövlət tərəfindən görülən tədbirlər insanları məmnun edir. Məsələn, yaranan ASAN Xidmətdən hər kəs razıdır. İctimai və dövlət maraqlarını sadəcə olaraq ortaq şəkildə elə idarə etməliyik ki, həm ictimaiyyət öz marağının təmin edilməsində iştirakçı olsun, həm də dövlətin inkişafına xidmət etsin. Vətən müharibəsində əldə olunan qələbə ən azından mənəvi, psixoloji cəhətdən cəmiyyətin özünə inamını qaytarıb. Müharibədə qalib gələn cəmiyyət bilir ki, gələcəkdə diplomatik sahədə qalib gəlmək, iqtisadi inkişaf və dirçəlişlə bağlı toparlanma imkanlarına da malikdir. Bunları etməyə Azərbaycanın bütün imkanları var. Sadəcə olaraq, bu modeli qurmaq və işə salmaq üçün sadə insandan tutmuş məmurlara qədər hər kəsdən fədakarlıq gözləməliyik.
- Vətəndaşlarımız dövlət maraqlarının müdafiəsinə nə dərəcədə hazırdır?
- Heç kimin Azərbaycan cəmiyyətindən narazılıq etməyə haqqı yoxdur. Müharibədən əvvəl gəncliyi qınayırdıq. Sonra isə gördük ki, möhtəşəm gəncliyə sahibik. 44 günlük savaşda bir əsgərimiz belə fərarilik etmədi. Ermənistan əsgərlərinin mütləq əksəriyyəti isə fərarilik edirdi. Bu mənada biz cavanlaşan millətik. Bəzi ölkələrdə, məsələn, Rusiyada əhali azalır. Azərbaycan isə çoxalan, gənc və dinamik xlaqa sahibdir. Bu mənada dövlət maraqlarımızın qorunması yolunda vətəndaşlarımıza imkan yaratmaq, meydan verməliyik. Elə etməliyik ki, insanlarımız dövlət, onun inkişafı, çəçəklənməsi naminə faydalı iş əmsalını ortaya qoysunlar. Yəni insanlarımızın bacarığı var. Amma onların bacarığını ərsəyə gətirmək üçün normal mühit yaratmaq lazımdır. İcra strukturlarının bəzi səlahiyyətlərinin bələdiyyələrə verilməsini deyəndə, bu, tək hüquq vermək deyil, həm də onlara məsuliyyət verməkdir. Cəmiyyətimizdən, insanlarımızdan narazı qala bilmərik.
- Müasir informasiya cəmiyyətində, informasiya Kommunikasiya Texnologiyaları əsrində ictimai və dövlət maraqlarının qorunması üçün nələr edilməlidir?
- Hər kəsin üzərinə düşən müəyyən öhdəlikləri var. Azərbaycan artıq daxildə müasir yeni texnologiyaların istehsalından danışmalıdır. Adi, primitiv, sadə texnoloji avadanlıqları kənardan almağa son qoymalıyıq. Azərbaycan cəmiyyətində yeni, dördüncü sənayeləşməyə keçiriksə, beşinci çağırış cəmiyyət yaradırıqsa, təbii ki, yeni texnologiyalar istehsalına ciddi önəm verməliyik. Azərbaycanda bunun üçün həm əqli potensial, həm də istehsal üçün xammal bazası yetərincə mövcuddur. Sadəcə olaraq onların normal şəkildə harmoniyasını təşkil etmək, qurmaq üçün peşəkar kadrlara ehtiyac vardır. Onları prosesə cəlb etməklə prosesdə mühüm nailiyyətlər əldə edə bilərik.
- İctimai və dövlət maraqlarının müdafiəsi zəif olarsa, nələr baş verə bilər?
- İctimai maraq dövlət marağıdır. Dövlət özü isə insanlara məxsusdur. Dövlət abstrakt varlıq deyil, insanların yaratdığı qurumdur. Qurulan dövlət öz təhlükəsizliyini təmin edə bilmirsə, bu gününü müəyyənləşdirib sabah üçün doktrinasını ortaya qoymaq üçün potensialını səfərbər edə bilmirsə, dövlətin dayaqları istər-istəməz zəif olacaq. Belə olanda isə həmin dövlət həm xarici təhlükələr qarşısında zəifləyər, həm də daxildə ciddi təhdidlər yaranar. Bu fonda sosial münasibətlərdə, iqtisadi cəhətdən ölkənin əlindəki vəsaitlərin ədalətli paylanmasında pozğunluqlar yaranar. Balansın pozulması isə cəmiyyətin dağılmasına gətirib çıxarar. Bu mövzu çox həssas və ciddi diqqətə alınmalı mövzudur.
- Xarici siyasət sahəsində dövlət maraqlarımız nə dərəcədə qorunur?
- İstənilən xarici siyasət daxili siyasətin ardıdır. Xarici siyasətin özü də sonucda Azərbaycan dövləti və insanının rifahına və təhlükəsizliyinin təminatına yönəlir. Bunlar bir-birilə bağlı olan zəncirin həlqəsidir. Azərbaycanın maraqları hər şeydən öndədir. İstənilən dövlətlə münasibətlər də Azərbaycanın maraqlarına əsaslanaraq həyata keçməlidir. Yəni Azərbaycanın daimi dostları və daimi düşmənləri prinsipindən müəyyən steoretiplərə bağlanmış siyasət yürüdə bilmərik. Azərbaycanın maraqlarına nə uyğundursa, hansı dövlət ölkəmizin maraqlarına normal şəkildə yanaşırsa, normal ortaq siyasət yürütməkdə maraqlıyıq. Azəraycan sıfır problemli qonşuluq siyasəti yürüdüb. Bütün bunların ortasında Azərbaycan mərkəzi düşüncə sistemi dayanır. Hansı hakimiyyət gəlirsə-gəlsin, Azərbaycanın maraqlarına uyğun xarici siyasət yürüdülməlidir. Ola bilər bəzi kiçik elementlər dəyişsin. Amma dövlət maraqları prinsipi baş sütun olaraq qalmalıdır.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
