
İctimai Televiziya və Radio Yayımları Şirkətiinin baş direktor seçkisindən 1 il ötdü. Baş direktorluğa namizəd olan, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynov televiziyanın fəaliyyəti ilə bağlı Aktual.az-a müsahibə verib.
- 2013-cü ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbərliyinə namizədliyiniz irəli sürüldü. Ötən bir ilə nəzər saldıqda, bu televiziyanın fəaliyyətini necə qiymətləndirirsiz?
- İTV-nin hazırki fəaliyyəti çox bərbad vəziyyətdədir. Televiziyanın proqram siyasətində qeyri-peşəkarlıqdan doğan çox ciddi qüsurlar müşahidə edirik. Ümumiyyətlə, rəhbər ictimai yayımdan xəbərsiz bir insandır. İsmayıl Ömərovun zamanında qüsurları daha abırlı şəkildə gizlətməyə çalışırdılarsa, indiki rəhbərliyin qanunvericiliyə uyğun fəaliyyət göstərmək cəhdləri belə yoxdur. Hətta deyərdim, İctimai Televiziyanın indiki durumu Sovet dövründə təbliğatla məşğul olan televiziyaları xatırladır. Biz hazırda ölkədə fəaliyyət göstərən televiziyaların monitorinqini aparırıq. Aprel ayının sonunda 3 ay əvvəl başladığımız montorinqin yekun nəticələrinə dair hesabatı ictmaiyyətə açıqlayacağıq. Bu dəqiq rəqəmlərdən ibarət hesabat olacaq. İlkin nəticələrə görə, deyə bilərəm ki, İTV və radio ictimai maraqlara deyil, müəyyən qurupların maraqlarına xidmət edir. Son baş verən proseslər bir daha sübut edir ki, bu televiziya müstəqil Yayım Şurasına malik deyil.
- İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçkilər dönəmində nəticələri ədalətsiz hesab etdiyinizi və baş vermiş qanunsuzluqlarla bağlı məhkəməyə müraciət edəcəyinizi bəyan etmişdiniz. Məhkəməyə müraciət olundumu?
- İctimai Teleradio şirkətinə sədr seçilməsi ilə bağlı müsabiqənin qanunsuz keçirilməsi barədə Yasamal Rayon Məhkəməsində İctimai Yayım Şurasına qarşı əlimizdə olan video-sübutlara əsaslanaraq iddia qaldırmışıq. Tələbimiz 2013-cü il aprelin 23-də keçirilən müsabiqənin nəticələrinin ləğv edilməsi və yeni müsabiqə keçirilməsinin təmin edilməsidir. Məhkəmə 2013-cü il dekabrın 12-də oldu. Amma iddiamız təmin edilməlidir. Bu qətnamədən apellyasiyaya şikayət verdik. Aprel ayının 16-da Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə keçirilən prosesdə iddia yenə də təmin olunmadı. Ali Məhkəməyə şikayət etməyi planlaşdırmışıq. İnanmırıq ki, Ali Məhkəmə də iddianı təmin etsin. Avropa Məhkəməsinin bu işə obyektiv baxıb qərar verəcəyinə əminik.
- İtv.az saytının rəhbəri Firudin Məmmədov Aktual.az-a müsahibəsində bildirib ki, Azərbaycanda normal müxalifət yoxdur. Bu fikrə münasibətiniz...
- Bu cür bəyanat verməklə bir daha sübut edirlər ki, onlar reallıqdan uzaqdırlar. Hər zaman standart cavabları da, “parlamentdə təmsil olunan müxalifətə efir ayrırıq”- demələri də olurdu, bu dəfə fərqlilik nümayiş etdiriblər. Harada işlədiklərini dərk etməyən insanlardan bundan artıq bəyanat gözləmək olmaz.
- Vaxtilə opponentiniz olmuş Cəmil Quliyevin İctimai Televiziyaya rəhbərliyinin bir ili tamam olur. Necə dəyərləndirirsiz bu bir ili?
- Hazırki direktor Cəmil Quliyev yaxşı incəsənət adamıdır, kinolarda çəkilə bilər. Lakin bu insan İctimai Yayım qanunundan xəbərsizdir. Mənimlə birgə televiziya rəhbərliyinə seçkilər zamanı müsabiqədə iştirak edən zaman sual-cavab prosesində Cəmil Quliyevdən soruşdular ki, İctimai Televiziyanı necə inkişaf etdirəcəksiz? Cavabında bildirdi ki, mən Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunmasına çalışacağam. Bu fikrin müəllifi bu gün İTV-yə rəhbərlik edir.