Bakı şəhəri, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış binasının bir qrup mülkiyyətçisi redaksiyamıza məktub yollayıb. Onlar prezidentə, baş prokurora, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Milli Təhlükəsizlik Nazirliyinə etdikləri müraciətin qəzetdə dərc olunmasını xahiş ediblər.
Sakinlərin müraciətində “İdeal-İ İnşaat” MMC-nin rəhbər şəxslərinin əməllərindən şikayət olunur. Müraciət müəllifləri yazır ki, MMC-nin tikdiyi yaşayış binasından mənzil almaq üçün 10 il əvvəl müqavilə bağlayiblar. MMC-yə müqavilə üzrə mənzilin dəyərinı ödəyiblər. Lakin “İdeal-İ İnşaat” MMC-nin təsisçisi və əvvəlki direktoru İsa Əli oğlu Məmmədov binanı tikib təhvil vermir: “Dəfələrlə mənzilimizin nə zaman bizə təhvil verilməsini dəqiqləşdirmək üçün İsa Məmmədovla əlaqə saxlamaq istəmişik. Məlum olub ki, İsa Məmmədov məsuliyyətdən yayınmaq üçün direktorluqdan çıxaraq, ”İdeal-İ İnşaat" MMC-yə özünün yaxın qohumu Çingiz Əkbər oğlu Məmmədovu direktor təyin edib. Bu qohumlar birləşərək, bizim mənzil tikintisinə görə onlara verdiyimiz pulları öz keflərinə xərcləyirlər, yaşayış binasını tikib qurtarmaq niyyətində deyillər.
"Yeni Musavat"a verilən məlumata görə, köhnə şüşə zavodunun yerləşdiyi bu ərazidə tikilən binaların altındakı torpaq sahəsi “Baku Qrup” adlı bir MMC-yə məxsusdur. Binaların tikintisi isə “Baku Qrup”la bağlanmış podrat müqaviləsi əsasında İsa Məmmədov və onun “İdeal-İ İnşaat” MMC-si tərəfindən aparılır. Bizim mənzil tikintisinə dair müqavilələrimiz də həmin bu “İdeal-İ İnşaat” MMC ilə bağlanıb. Mənzillərimizin pullarını da biz bu MMC-yə vermişik. “İdeal-İ İnşaat” MMC-nin müdriyyəti isə hər dəfə bizə yalançı vədlər verməklə məşğuldur. Bizim əldə etdiyimiz məlumatlara görə, İsa Məmmədov və onun qohumları bizim mənzillərimizi bir neçə dəfə digər vətəndaşlara da sataraq onlardan aldıqları pulları da öz şəxsi keflərinə və uşaqlarının adlarına obyektlər almağa xərcləyiblər. Belə məlumatlar var ki, onlar külli miqdarda vəsaitlə birgə ölkədən qaçmaq niyyətindədirdlər".
Müraciət müəllifləri yazır ki, halal zəhmətlə qazandıqları pulları İsa Məmmədov və onun qohumları faktiki olaraq dələduzluq yolu ilə mənimsəyiblər: “İsa Məmmədov və onun ”İdeal-İ İnşaat" MMC-sinin əməkdaşlarının qeyd olunan cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmələrini xahiş edirik. Bu soyğunçu dəstə barədə bu binalardan mənzillər almış və bununla da bizim kimi aldadılmış digər vətəndaşların da hüquqları bərpa olunsun. Hüquq-mühafizə orqanlarından xahiş edirik ki, bizi aldadaraq pullarımızı mənimsəyən İsa Məmmədov, onun qohumları və “İdeal-İ İnşaat” MMC-sinin digər məsul işçiləri barədəsində lazımi tədbirlər görülsün, yaşayış binasının tezliklə tikilib qurtarmasına və vətəndaşlara təhvil verilməsinə nəzarət etsinlər".
Qaynar.info