
Filmlər “Azərbaycan ailəsi” film festivalında mükafat qazanıb
Bu ilin mart ayında CİBC telekanalının 2 televiziya filmi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə layihəsi çərçivəsində keçirilən “Azərbaycan ailəsi” film festivalında mükafat qazanıb. Qaynar.infonun məlumatına görə "CBCFilm" studiyasının rejissoru Elşən Zeynallının çəkdiyi "Fransız qadının gündəliyi" filmi Mədəniyyət və Turizm Nazirliyinin, rejissor Vasif Məmmədzadənin çəkdiyi "Qaranlıq dünyanın nuru" filmi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi mükafatlarına və festivalın diplomlarına layiq görülüblər. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan festivalın təşkilatçısı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədri Hicran Hüseynova ənənəvi milli-mənəvi dəyərlərin qorunub saxlanması ilə yanaşı, yeni mədəni dəyərlərin cəmiyyətə daxil olmasının müasir dövrün aktual məsələlərindən olduğunu bildirib.
Festivala kifayət qədər maraqlı filmlərin təqdim olduğunu deyən H.Hüseynova bildirib ki, ailə-məişət, milli adət-ənənələr, mənəvi dəyərlər və başqa bu kimi mövzularda film çəkmək istəyən rejissorların sayı ilbəil artır və ona görə də bu il festivala təqdim olunan filmlərin sayı 140-dan artıqdır.
Qalib filmlər seçilərkən ailə dəyərlərinə diqqət göstərilməsi, yaşlılara hörmət, uşaqlara qayğı, həmçinin ailə problemlərinin ictimaiyyətə çatdırılması kimi amillərə, filmlərin məhz uşaq və gənclərdən ibarət olan auditoriyaya ünvanlanmasına, ailə münasibətlərində mövcud olan bəzi mənfi halların kinematoqrafiyanın imkanlarından istifadə etməklə və peşəkarlıqla açılmasına xüsusi önəm verilib.
Qaynar.info