İki gəncin ölümünə səbəb olan sürücü məhkəmə qarşısında (FOTO/VİDEO)
Oktyabrın 8-də Sabunçu rayonunda - Bilgəh-Nardaran yolunda "Range Rover” və KİA markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin həlak olduğu, bir nəfərin isə ağır dərəcəli bədən xəsarəti aldığı qəza ilə bağlı istintaq işi yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə Əhməd Quliyevin sədrliyi ilə baxılacaq.
Hadisəyə görə dövlət nörmə nişanı 10-DF-090 olan "Range Rover" markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Babayev Beytulla Bayram oğlu təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 263.3 maddəsi (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə) ilə cinayət işi açılıb.
Xatırladaq ki, hadisə nəticəsində KİA-da olan 2 nəfər gənc - Göygöl sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Ayxan Nizami oğlu və 1996-cı il təvəllüdlü Zülfüqarov Zülfüqar Elçin oğlu həlak olublar, 1997-ci il təvəllüdlü Məhərrəmov Arif Rəşid oğlu isə ağır yaralanıb.
Hadisədən sonra gənclərin öldüyü avtomobildə olan 40 min dollar oğurlanıb. Daha sonra oğurluq etmiş Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov müəyyən olunaraq saxlanılıblar.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər