İlahə Ucaruh
Ana dilinin Azərbaycandan uzaqlarda qorunub-saxlanılması və inkişafının məsuliyyəti - ilk olaraq ailənin, xususilə də anaların üzərinə düşür. Doğulduğu ilk gundən uşaqla ana dilində danişılmalıdır. Ana dilinin mənimsənilməsi üçün ən uyğun yaş - məktəbəqədərki yaşdır. Sözlər və duzgun tələffüz - erkən yaşlarda daha tez öyrənilir. Çünki körpələrin beyni kənar səslərə çox həssas və çevik olur. Uşaq böyüdükcə, bu bacarıq yox dərəcəsinə enir.
Biz, valideynlər, hər şeydə - həyat mövqeyimizdə, gündəlik əməllərimizlə övladlarımıza örnəyik. Ana dili hər şəxsiyyətin bir parçasıdır. Bəzi valideynlər düşünür ki, Azərbaycandan uzaqlarda doğulmuş uşaq evdə öz ana dilində danışsa, uşaq bağçasında və məktəbdə isə başqa dildə danışsa – uşaq iki dilin arasında çaşib qalacaq, hansısa psixoloji çətinliklərlə uzləşəcək.
İkidillilik və çoxdillilik məsələlərini araşdıran mütəxəssislərin fikrincə, dil qüsurları, nitq problemləri - nadir problemlərdəndir. Bu problem - danışılan dilin sayından asılı deyil. Bu - genetik, fizioloji, sosioloji və psixoloji səbəblərdən yaranır.
Maraqlıdır: alimlər iddia edir ki, ana dili bir yox - bir neçə də ola bilər. Mən özüm bir yaşım olandan rusdilli uşaq bağçasına getmişəm. Sonra da 10 il rusdilli məktəbdə təhsil almışam. Ana dilimdə (Azərbaycan türkcəsində) ancaq evdə, ailədə və qonşu uşaqlarla danışmışam. Əlbəttə, məktəbdə azərbaycan dili dərsləri də keçirilirdi. İnstitutda da rus fakültəsində oxumuşam. Buna baxmayaraq, ana dilimdə yaxşı yazıram da, oxuyuram da, danışıram da, anlayıram da. Öz övlandlarım da həmçinin: başqa dillərdə uşaq bağçalarına getsələr də, başqa dillərdə təhsil alsalar da, ana dilini həm şifahi, həm də yazılı səviyyədə yaxşı bilirlər. Övladlara ən gözəl hədiyyə – yaxşı tərbiyyə, düzgün insani örnək və ana dilimizi verməyimizdir!
Son araşdırmalara görə, çoxdilli uşaqların beyin imkanları, yəni intellekt, daha da genişlənir və güclənir. Müşahidələrə görə, ailəsində ana dilində danışan xarici şagirdlərin təhsil nailiyyətləri - evində yad dildə danişanlardan daha çoxdur. Statistikaya görə, bir neçə dil bilən insanlar işə də daha asanlıqla qəbul edilir.
Avropanin əksər ölkələrində əcnəbi şagirdlər uçun ana dili dərsləri təşkil edilir. Məsələn, Finlandiyada sinifdə ən azı dörd şagird olmaqla - həftədə bir dəfə, iki saat ana dili dərsi verilə bilər. Övladlarımız üçün ana dili sinifləri tələb etməli və onları ana dili dərslərinə göndərməliyik!
İkidilliliyin müsbət təsirləri
- Düşüncə çevikliyi.
- Müqayisə etmək qabiliyyətinin artması. Sözlərin fərqli mənalarına yiyələnmə.
- Problemlərin düzgün analitik həlli.
- Dünyayabaxışın genişlənməsi və başqalarını daha yaxşı anlama bacarığı.
- Bir neçə dil bilənlərin iş karyerası imkanlarının artması.
- Dil öyrənmə - beyin idmanıdır. Beyin idmanı – demensiya (yaddaşın itirilməsi), altsheymer və s. xəstəliklərdən insanı qoruyur.
Finlandiyanın uşaq poliklinikalarında xarici valideynlərə verilən təlimatdan çevirdiyim məlumatla sizi də tanış edirəm:
İkidillilik və çoxdillilik məsələlərində valideynləri ən çox narahat edən suallar:
Sual 1: Evdə bir dildə (valideynlərdən biri başqa millətin nümayəndəsidirsə, onda iki dildə), məktəbdə də tamam başqa dildə danışılarsa - uşağın üstünə artıq yük düşə bilərmi?
Cavab: Xeyr, əksinə - uşaq daha çox şey və daha tez öyrənər. Dillər məhz uşaq yaşlarında öyrənilməlidir, çünki yaşlandıqca dil öyrənmək daha çətin və əziyyətlidir.
Sual 2: İkidilli uşaqların dilinin gəlişməsi birdilli olanlardan daha asta, yavaş olurmu?
Cavab: Ola bilsin ki, bir qədər yavaş olsun, lakin dil problemləri birdilli uşaqlarda da ola bilər: kimsə daha tez danışmağa başlayır, kimsə bir az gec. Uşağa vaxt vermək gərəkdir. Birdilli uşağın inkişafını "normal”, ikidilli uşağınkını isə qeyri-normal saymaq lazım deyil.
Sual 3: Niyə uşaqla ana dilində danışanda, o, başqa dildə cavab verir?
Cavab: Uşaqlar da rahat olanı seçir. Uşaq günün əksər vaxtı hansı dili eşidirsə, onunla hansı dildə daha çox danışılırsa, o dilin sözlərini daha asan yadda saxlayır. Ona görə, evdə o sözləri işlətməyə başlayır.
Sual 4: Niyə ikidilli uşaq dilləri qarışdırır? Bu dil probleminin olmasına işarə deyilmi?
Cavab: Yox, dillərin qarışdırılması - inkişaf mərhələsində normal sayılır.