Demokratik İslahatlar Partiyasının təşəbbüsü ilə “Müasir İnformasiya-kommunikasiya Texnologiyalarının Azərbaycan qadınların həyatında rolu” mövzusunda dəyirmi masa keçirilib.
Qaynarinfo.az xəbər verir ki, partiya sədri Asim Mollazadə ölkə qadınlarını inkişafında İKT-nin rolunu yüksək qiymətləndirib. “Vaxt var idi təhsilə görə qızları, qadınları öldürürdülər. Amma zaman və qadına münasibət dəyişib, müasir texnologiyalar insanların həyatının, fəaliyyətinin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan qadını İKT-nin ona verdiyi imkanlardan istifadə edərək özünü inkişaf etdirməli, ölkəyə, cəmiyyətə və ailəsinə faydalı olmağa çalışmalıdır” - deyə millət vəkili bildirib. O, bu sahədə təhsilin, ictimai maarifləndirmənin və xarici dilləri mənimsəmənin vacib olduğunu qeyd edib.
İnformasiya texnologiyaları üzrə ekspert Vəfa Vəliyeva İKT-nin Azərbaycan qadınlarının həyatına təsirindən bəhs edib. O, orta məktəbdən başlayaraq insanın bütün həyatı boyu inkişafında İKT-nin rolunu dəyərləndirib. Ölkəmizdə bu sahədəki çağırışlardan, mövcud problemlərdən və çıxış yollarından danışıb. Auditoriyanı maraqlandıran sualları cavablandırıb.
Sonra mövzu ətrafında diskussiyalar olub. Gənclər və xanımlar İKT-nin ölkə qadınlarının həyatına təsiri ilə bağlı fikirlərini bölüşüblər.
Qaynarinfo.az


