
09:39
Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edir.
APA-nın xəbərinə görə, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov dövlətimizin başçısına məlumat verdilər ki, jurnalistlər üçün inşa edilən ikinci binada 255 mənzil var. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı mənzil var. Binanın həyətində idman meydançası yaradılıb, geniş abadlıq işləri görülüb.
Sonra Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdü.
Dövlət başçısı mərasimdə nitq söyləyir.
10:12
İlham Əliyev: “Azərbaycanda söz azadlığı təmin olunur”
"Azərbaycan jurnalistikası inkişaf edir və cəmiyyətdə çox müsbət rol oynayır. Azərbaycanda bütün azadlıqlar, o cümlədən söz azadlığı təmin olunur".
Bunu iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki nitqində deyib.
Azərbaycanda minlərlə mətbuat orqanının fəaliyyət göstərdiyini vurğulayan dövlət başçısı bildirib ki, bu gün Azərbaycan jurnalistikası cəmiyyəti narahat edən problemləri üzə çıxarır, çox dəyərli təhlillər edir, cəmiyyətin inkişafında mühüm rol oynayır.
Azərbaycanda mətbuatın inkişafının diqqət mərkəzində saxlanıldığını, media nümayəndələri ilə mütəmadi görüşlərini xatırladan Prezident İlham Əliyev qeyd edib ki, jurnalistlər üçün binaların tikintisi bu siyasətin təzahürüdür.
"Mənə deyiblər ki, burada yeni yola ehtiyac var..."
Prezident deyib: "Jurnalistlər belə məsələ qaldırmışdılar. Mən də buna müsbət reaksiya verdim. Nəticə etibarilə biz burada artıq ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram ki, birinci binanın açılışında – 4 il bundan əvvəl mən demişdim ki, yəqin ki, gələcəkdə bu əraziyə “jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer jurnalistlər şəhərciyidir. Burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, gələcəkdə biz jurnalistlərin məişət problemlərinin həlli üçün əlavə tədbirlər görəcəyik. Mənə deyiblər ki, burada yeni yola ehtiyac var, çünki indi bir tərəfdən yol çəkilibdir. Ona görə müvafiq göstəriş verilibdir ki, hər iki tərəfə çıxış olsun ki, insanlar burada daha da rahat yaşasınlar. Hər bir şəhərin ən qiymətli, ən prestijli yerləri var. Adətən, bu, şəhərlərin mərkəzi olur və dəniz kənarında yerləşən şəhərlərdə dənizə mənzərəsi olan binalar daha da prestijli sayılır. Bu binalar həm dəniz mənzərəlidir, həm də şəhərin mərkəzində yerləşir. "Azneft" meydanına buradan cəmi maksimum 5 dəqiqəlik yoldur. Bu, bir də onu göstərir ki, biz jurnalistlər üçün ən yaxşı şərait yaratmağa çalışırıq. Binalar da çox gözəldir, genişdir, işıqlıdır, rahatdır".
Qaynarinfo.Az