Azərbaycan prezidenti İlham Əliyev Biləsuvara səfərini başa çatdıraraq Cəlilabad rayonuna gəlib.
APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Cəlilabad şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub. Cəlilabad rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə məlumat verib. Burada yenidənqurma işlərinə bu ilin mayında başlanılıb. İşlər qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Heydər Əliyevin parkda ucaldılan abidəsi yenisi ilə əvəz olunub. Qranitdən hazırlanmış yeni abidənin hündürlüyü 10 metrdir. Ümumi ərazisi 3 hektar olan bu istirahət məkanında iki fəvvarə quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkın ətrafında yerləşən bütün binalar təmir edilib.
Azərbaycan prezidenti Cəlilabadda “Fidan” körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidenti binada yaradılan şəraitlə tanış olub. Körpələr evi-uşaq bağçasında Heydər Əliyevin, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısını əks etdirən fotolardan ibarət guşələr var.
Binanın inşasına bu ilin fevralında başlanılıb. Tikinti işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün bütün qüvvələr səfərbər olunub. 120 yerlik müasir tipli körpələr evi-uşaq bağçasının ümumi ərazisi 2,5 hektara yaxındır. Binada 20 otaq var. Burada həkim otağı, yeməkxana və uşaqların əyləncəsi üçün zal inşa edilib. Bundan başqa, musiqi zalı və digər istirahət otaqları da balacaların ixtiyarına veriləcək. Bütün otaqlar zəruri avadanlıqla təchiz edilib. Burada uşaqların təlim-tərbiyəsi və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb. Binanın həyətində müasir standartlara cavab verən attraksionlar quraşdırılıb, ətrafda geniş abadlıq işləri aparılıb.