Hüquq müdafiəçisi Emin Hüseynov Azərbaycan vətəndaşlığından məhrum edilib. Qaynar.info хəbər verir ki, bu barədə virtualaz.org saytına hakimiyyət dairələrindəki mənbələr məlumat verib.
Məlumatda qeyd olunur ki, İsveçrənin xarici işlər naziri Didye Burkhalter tərəfindən ölkədən çıхarılan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri 10 aydır saхlandığı İsveçrə səfirliyinin binasını Azərbaycan və İsveçrə hakimiyyətləri arasında əldə edilmiş razılıq sayəsində tərk edib. Bundan əvvəl isə Emin Hüseynov vergi borcunu tamamilə ödəyib (təxminən 160 min dollardan söhbət gedir).
İddiaya görə, Azərbaycan prezidentinin sərəncamı ilə Emin Hüseynovun ölkə vətəndaşlığından çıxmasına dair müraciəti təmin olunub. Bununla birlikdə onun barəsində 2014-cü ilin avqustunda qəbul edilmiş həbs qətimkan tədbiri humanitar əsaslarla ləğv edilib və müalicə almaq üçün İsveçrəyə getməsinə icazə verilib.
Xatırladaq ki, bir gün əvvəl YAP-ın icra katibinin müavini Siyavuş Novruzov sensasion açıqlama ilə çıxış edərək Emin Hüseynovun Azərbaycandan qanunsuz şəkildə, gizlicə qaçırıldığını bəyan etmişdi.
Qaynar.info