Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Bayraq Meydanında yaradılan şəraitlə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, dövlətimizin başçısına məlumat verildi ki, Bayraq Meydanın inşasına bu ilin iyununda başlanmış, avqustda başa çatdırılmışdır. Ümumi sahəsi 2,1 hektar olan Bayraq Meydanı Salyan şəhərinin girişində, Milli Qəhrəman Nazim Babayev küçəsində yaradılmışdır. Bayraq Meydanının girişində hündürlüyü 5,3, uzunluğu 14 metr olan tağ tikilmişdir. Bayraq dirəyinin hündürlüyü 42, bayrağın eni 10, uzunluğu isə 20 metrdir.
Meydanın ərazisində istirahət parkı da salınmışdır. Azərbaycan Prezidenti parkın ərazisini gəzdi.
Bildirildi ki, ərazidə uzunluğu 236, eni isə 7 metr olan su kanalı tikilmişdir. Kanalın üzərində uzunluğu 11, eni 3 metr olan iki körpü, ərazidə biri səkkizguşəli olmaqla 17 fəvvarə, kanalüstü “Buta” və iki “Lalə” inşa olunmuşdur. Burada geniş yaşıllaşdırma işləri aparılmış, müasir işıqlandırma sistemi, dekorativ məhəccər qurulmuş, oturacaqlar qoyulmuşdur. Parkda uşaq-əyləncə qurğuları quraşdırılmışdır. Azərbaycan Prezidenti meydanda yaradılan şəraitlə tanışlıqdan sonra müvafiq tapşırıqlarını verdi.
---------
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 4-də ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonuna gəlib.
Dövlətimizin başçısı əvvəlcə rayonun mərkəzində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov məlumat verdi ki, Heydər Əliyev parkının yenidən qurulmasına 2011-ci ildən başlanmışdır.
Ümumi sahəsi 22 min kvadratmetr olan parkda ulu öndərin möhtəşəm abidəsi ucaldılmışdır. Abidə Azərbaycanın xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, professor Natiq Əliyev tərəfindən hazırlanmışdır.
Diqqətə çatdırıldı ki, parkda 10 min kvadratmetr sahədə yaşıllıq salınmış, uzunluğu 65, eni 4 metr olan iki fəvvarə kompleksi tikilmiş, işıqlandırma sistemi və oturacaqlar quraşdırılmış, qranit və asfalt döşənmiş, su anbarı inşa olunmuşdur.