
Azərbaycan Prezidenti İlham Əliyev Zakir Qaralovla bağlı Sərəncam imzalayıb.
Qaynar.info-nun məlumatına görə, prezidentin 30 aprel 2015 tarixində imzaladığı sərəncamda bildirilir ki, Zakir Bəkir oğlu Qaralov Azərbaycan Respublikasının Baş prokuroru təyin edilsin.
Qeyd edək ki, Milli Məclisin aprelin 28-də keçirilən iclasında baş prokurorun səlahiyyət müddətinin bitməsi və yenidən təsdiq olunması ilə bağlı sənədə baxılıb.
Sənəd barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Prezidentinin təqdimatı ilə baş prokuror Zakir Qaralovun yenidən növbəti beş illiyə baş prokuror təyin edilməsi təklif olunur.
Ə. Hüseynli Z. Qaralovun fəaliyyəti barədə məlumat verərək, bu fəaliyyəti yüksək qiymətləndirib. Daha sonra Z. Qaralov növbəti beş illiyə baş prokuror təyin edilib.
İclasa qatılan Zakir Qaralov etimada görə prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Mən bu etimadı bütövlükdə prokurorluq orqanlarına böyük etimad kimi qiymətləndirirəm. Bu etimadı bundan sonra da yüksək səviyyədə doğrultmağa çalışacağıq”.
Qaynar.info