Xəbər lenti

İlham Əliyevə qəsd hazırlayan “əl-Qaidə”çi azad edilir -FOTO
Ölkə10:07 05.09.2013

İlham Əliyevə qəsd hazırlayan “əl-Qaidə”çi azad edilir -FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən həftə Rusiya məhkəməsi “Qafqaz əmirliyi”nin lideri Doku Umarovun yaxın ətrafına daxil olan Azərbaycan vətəndaşı Şükran Xanlar oğlu Məmmədovun barəsində hökm çıxarıb.

Virtualaz.org saytı xəbər verir ki, Ş.Məmmədov Umarovun qruplaşmasının maliyyə məsələlərinə və “əl-Qaidə” ilə əlaqələrinə cavabdeh olub.

İstintaqın məlumatlarına görə, Ş.Məmmədov Dağıstanda və Şimali Qafqazın digər regionlarında qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərib, onların maddi-texniki təchizatını həyata keçirib və terror aktlarının hazırlanması ilə məşğul olub. Həmçinin məlum olub ki, Azərbaycanda olarkən Ş.Məmmədov nəinki genişmiqyaslı anti-Rusiya fəaliyyəti həyata keçirib. Eyni zamanda Azərbaycanın özünə, onun rəhbərliyinə və vətəndaşlarına qarşı cinayətkar fəaliyyətlə məşğul olub.

Məlumata görə, Ş.Məmmədov Azərbaycanda terror aktlarının hazırlanması ilə məşğul olub və “əl-Qaidə”nin emissarlarından biri kimi prezident İlham Əliyevin bu terror şəbəkəsinin əsas düşmənlərinin siyahısına daxil olmasına nail olub. Lakin Ş.Məmmədova qarşı ağır ittihamların irəli sürülməsinə baxmayaraq Rusiya məhkəməsi ona cəmi 4 il həbs cəzası kəsib. O, bu müddətin yarıdan çoxunu artıq həbsdə keçirib. İstisna deyil ki, vəkillər  həbs cəzasının daha da azaldılmasına nail olacaqlar.

Rusiya məhkəməsinin “əl-Qaidə”çiyə qarşı bu cür “humanistliyinin” motivi bəlli deyil. Ş.Məmmədov dəfələrlə Əfqanıstanda olub, “əl-Qaidə”nin düşərgələrində hazırlıq keçib və koalisiya qüvvələrinə qarşı hücumlarda iştirak edib. Məlumata görə, Ş.Məmmədovun hesabında bir neçə öldürülmüş NATO əsgəri, ABŞ və Fransa vətəndaşları var. Bu ölkələr Ş.Məmmədovun Rusiyadan ekstradisiyasını tələb ediblər.

Rusiyanın “əl-Qaidə”çiyə yumşaq hökm çıxarmasının mümkün səbəblərindən birinin onun Əfqanıstandakı fəaliyyətinin olduğu istisna deyil. O da istisna deyil ki, Ş.Məmmədov azadlığa çıxandan sonra yenidən Əfqanıstana yola düşəcək.

Qaynar.info