Siyasət 15:07 13.10.2022

İlham Əliyevin Orta Dəhliz mesajı - Deputatın şərhi

Astanada keçirilən "Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə”nin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: "Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta Dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir”. 
 
Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə onlarla ölkə bir-birinə bağlanacaq, yüz minlərlə yeni iş yerləri açılacaq, bölgədə əbədi sülh yaranacaq:



"Azərbaycan Prezidenti Astanada növbəti dəfə tək ölkəmiz üçün deyil, dünya üçün əhəmiyyətli bir məsələni qaldırıb. İlk dəfə olaraq Azərbaycan Prezidenti öz leksikonunda Orta Dəhliz ifadəsini işlətdi. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin açılması onlarla ölkəni bir-birinə bağlayacaq, yüz minlərlə yeni iş yerləri yaradacaq, iqtisadiyyatı canlandıracaq, bölgədə əbədi sülhün yaranmasına şərait yaranacaq.
 
Amma bunu Ermənistan dərk etmir. Onlar hələ də özlərinin orta əsr təfəkküründən yapışmaqda davam edir, hələ də erməni millətçiliyi təfəkküründə qalmaqla bu unikal şansdan imtina edir. Amma zaman yetişib, şərait bunu tələb edir. Ermənistan da bunu etməlidir. Astanada keçirilən mühüm tədbirdə İlham Əliyevin Orta Dəhlizdən danışması onu göstərir ki, Azərbaycan tək regionun deyil, dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. Onun təklif etdiyi təşəbbüslər ümumilikdə dünyanın marağındadır”.
 
Rüfət Sultan