İlk Avropa Oyunlarının qəhraman qalibi, paralimiyaçı İlham Zəkiyev Birinci Qarbağ müharibəsində döyüşdüyü Murovdağa gedib.
ANS TV-nin məlumatına görə, Murovdağ İlham Zəkiyev üçün yaddaşından silinməyəcək nöqtədir. Çünki o işıqlı dünyaya gözlərini məhz burada gedən döyüşdə bağlamışdı. Amma İlhamın içində olan mərdlik, həyat eşqi və qəhrəmanlıq insanlığa göstərdi ki, fiziki qüsurlu olmaqla həyata məğlub olmaq olmaz.
İlham Zəkiyev Murovdağda
Kəşfiyyatçı əsgər, iradə gücü və həyatsevərliyi ilə bir çoxlarına nümunə ola biləcək paralimpiyaçı, çempion İlham Zəkiyev hərbçilərlə görüşə Şəmkirdəki hərbi hissədən başlayıb. Burada əsgər və zabitlər onu böyük maraqla qarşılayıb. Şəmkirdəki hərbi hissədən sonra İ.Zəkiyev görüşlərini Murovdağ silsiləsi boyunca xidmət edən əsgərlərlə davam etdirib.
Hər bir hərbi post və məntəqədə dayanıb əsgərlərlə görüşən paralimpiyaçı onların xidmətləri ilə maraqlanıb. İlham Zəkiyev sonuncu dəfə silahı 16 il əvvəl əlinə aldığını desə də, görmədən avtomatı söküb-yığmaqla hamını heyrətləndirməyi bacarıb.