"Dəhşətli rəqəmlərdir. Koronavirus 2020-ci ildə yuxarı-aşağı 6,5 min nəfər əlavə adam öldürmüşdüsə, "Evdəqal” kampaniyası nəticəsində ürəkdən, xərçəngdən, şəkərdən ən azı 10 min əlavə adam həyatını itirib”.
Qaynarinfo xəbər verir ki, bunu REAL partiyasının sədri İlqar Məmmədov bildirib. Sədr deyib ki, 2015-2019-cu illərdə Azərbaycanda bütün səbəblərdən ildə orta hesabla 56 min adam ölüb:
"2020-ci ildə bu rəqəm 76 minə çatdı. Yəni həmişəkindən təxminən 20 min daha çox adam öldü. Hansı səbəbdən? Baxaq. 2015-2019-cu illərdə "bəzi infeksion və parazitar xəstəliklərdən” və "tənəffüs sistemi xəstəliklərindən” ildə orta hesabla 2,5 min insan ölürdü. 2020-ci ildə bu say oldu 9 min. Fərqi yaradan 6,5 min şəxsdən əksəriyyətin koronavirus pandemiyası səbəbindən həyatını itirdiyini deyə bilərik.
Bəs qalan 13,5 min əlavə ölümün səbəbi nə idi? Ona da baxaq.
2015-2019-cu illərdə "travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən” hər il orta hesabla 2,7 min adam həyatını itirirdisə, 2020-ci ildə bu say oldu 6 min. 3,3 min nəfərlik fərq anlaşılandır, çünki müharibədə 3 min şəhid vermişik. Qalır 10 min əlavə ölüm. İndi bir anlıq dayanın. Təsəvvür edirsiniz də? Hər il 56 min adam ölürdü və birdən-birə, virusdan deyil, müharibədən deyil, hansısa naməlum səbəbdən 10 min əlavə ölüm ortaya çıxdı. Niyə? Səbəb o qədər də naməlum deyilmiş. 2015-2019-cu illərdə "qan dövranı sisteminin xəstəlikləri” hər il orta hesabla 33 min adam öldürürdü. 2020-ci ildə isə, sadə dildə desək, ürəyi partlayıb ölənlərin sayı oldu 41 min. Yəni 8 min daha çox. Amma bu da son deyil. Qalır daha 2,5 min əlavə ölüm. Yenə baxırıq 2015-2019-cu illər üzrə rəqəmlərə. "Yenitörəmələrdən” və "endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından” həmin vaxt hər il orta hesabla 10 min insan ölürdüsə, 2020-ci ildə say oldu 12 min, yəni 2 min nəfər daha çox”.
Partiya sədri hesab edir ki, Operativ Qərargahın 1,5 il əvvəl, yəni 2020-ci ildə yeritdiyi koronavirusla mübarizə siyasəti virusun özündən daha öldürücü alınıb:
"İndi gəl ona inan. Onun bu gün apardığı siyasətin isə nəticələri 1-2 il sonra hər hansı şəkildə üzə çıxanda da təəccüblü bir şey olmayacaq. Ən əvvəldən deyirdim ki, Operativ Qərargahın elmitəhər bəyanatlarına baxmayaraq, apardığı siyasətin səriştəsizliyi yetərincə aydın görünür”.
Bahar Rüstəmli