Xəbər lenti

İlqar Məmmədov əfv ərizəsi yazıbmı?
Ölkə05:17 17.08.2015

İlqar Məmmədov əfv ərizəsi yazıbmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda həbsdə olan REAL sədri İlqar Məmmədovla bağlı son günlərdə yaşananlar mətbuatın gündəmini zəbt edib. Avqustun 14-də onun həbsxanadan yayılan bəyanatı mətbuata bomba kimi düşdü. Hər kəs bəyanatda yer alan fikirlərdən narahatlıq hissi keçirdi.
REAL sədri açıq şəkildə 2 saylı cəzaçəkmə müəssisəsində əfv ərizəsi yazmadığı üçün ciddi təzyiqlərə məruz qaldığını bildirərək, həyatına olan təhlükələrlə bağlı ictimaiyyətə müraciət etmişdi. 
İ. Məmmədov həbsxanada rentgen yoxlamasından imtina etdiyini, nəticədə cəzaçəkmə müəssisəsinin rəis müavini Emin Həsənov tərəfindən hədələndiyini də bildirib. 
Onun bəyanatından sonra bəzi iddialar ortaya atıldı. REAL sədrinin 2014-cü il iyulun 22-də əfv ərizəsi yazdığı bildirildi. Belə ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaşar İsakov mətbuata açıqlamasında İlqar Məmmədovun əfv ərizəsi yazdığını bildirərək, istənilən an ərizəni ictimaiyyətə təqdim edə biləcəklərini vurğulayıb. 
Yayılan məlumatlardan biri də, vicdan məhbusunun bəyanatından sonra “kars”a salınması ilə bağlıdır. Y.İsakov bu xəbərin də həqiqətə uyğun olmadığını bildirib. 
Siyasətçinin həyat yoldaşı Vəfa Məmmədova “Yeni Müsavat”a açıqlamasında onun “kars”a salındığını təsdiq, əfvlə bağlı müraciət yazmasını isə inkar etdi: “Hazırda ”kars"da deyil. Amma bəyanatdan sonra “kars”a salındığı doğrudur. Qısa zamanda orada qalıb. Şənbə günü onunla danışdım. Danışmağa 15 dəqiqə icazə verirlər. Vəziyyətinin normal olduğunu dedi. “Kars”da bir saat qaldığını söylədi. Onun barəsində deyilən sözlər yalandır. İlqar Məmmədov əfv ərizəsi yazmayıb. Əgər belə şey varsa, çap etsinlər, cəmiyyətə təqdim olunsun. Bu təzyiqlər ona əfv ərizəsi yazdırmaq üçün edilir. Başqa səbəb ola bilməz. Sağlamlığa ilə bağlı heç bir problem yoxdur. Sadəcə, baş verən insident müayinə etmələri ilə bağlı olub. İstəməyib ki, rentgen şüalarını qəbul etsin. Çünki şüalar insana pis təsir edir. Ona görə imtina edib".
REAL sədrinin vəkili Fuad Ağayev də onun əfv ərizəsi yazması xəbərinin yalan olduğunu qeyd etdi: “Avqustun 15-də İlqar Məmmədov mənə zəng etdi. Bildirdi ki, avqustun 14-də ”kars"a salınıb. Bir saata yaxın orada olub. Görünür sonradan rəhbərlikdən göstəriş gəlib. Nəticədə karserdən çıxarılıb. Onun əfv ərizəsi yazması xəbəri həqiqətə uyğun deyil. Əfv ərizəsi adı altında müraciəti olmayıb. Xəbərlər tam yalandır. Yaxın günlərdə onunla görüşəcəm. Baş verənləri müzakirə edəcəyik".
Qaynar.info