Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına (BİT) və 2 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmələr həyata keçiriblər.
Başçəkmə zamanı BİT-də saxlanılan Leyla Yunusova, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ilə görüş keçirilib.
Görüş zamanı adı çəkilən şəxslərin saxlanılma şəraiti və onlarla rəftarın vəziyyəti araşdırılıb. Bundan əlavə 2 saylı cəzaçəkmə müəssisəsinin karantin otağında saxlanılan İlqar Məmmədov da qəbul edilib və vəziyyəti araşdırılıb.
Görüş zamanı İ.Məmmədov 2 saylı cəzaçəkmə müəssisəsində hər-hansı pis rəftara məruz qalmadığını bildirib. Adı çəkilən şəxslərin qaldırdığı məsələlərin araşdırılması və qanunvericilik çərçivəsində tədbir görülməsi üçün Ombudsman tərəfindən Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət olunub.