Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sabiq sədri İlqar Mustafayevin və onunla birgə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Qafqazinfo”nun məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.
İlqar Mustafayevlə yanaşı, onun köməkçisi Rəşad Bədəlov və "GİRASOL” MMC-nin direktoru Fuad Babayev də mühakimə olunur. Onlardan yalnız Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, digərləri sərbəst mühakimə edilir.
Bu gün keçirilən hazırlıq iclasında prokurorun ittiham aktını elan etməsi gözlənilsə də, iş vaxtı bitdiyindən bu, mümkün olmayıb. Yalnız keçmiş sədrin vəkili İsmayıl Kəngərlinin vəsatəti qısa şəkildə müzakirə olunub.
Vəkilin sözlərinə görə, ittiham aktında Bulvar ərazisindəki üç gəmi — "Mirvari”, "Şəfəq” və "Xəzri”də daşınan sərnişinlərin sayı ilə bağlı ciddi ziddiyyətlər var:
"İş materiallarında qeyd olunur ki, 2020-ci ilin iyun ayında yalnız gəmilərdə ümumilikdə 7 min nəfər daşınıb”.
Agentliyin İdarə Heyətinin sədrinin müşaviri Habil Abbasov tərəfindən "Dənizkənarı Bulvar İdarəsi” PHŞ-ə məxsus "Mirvari” və "Şəfəq” gəmiləri ilə bağlı təqdim edilmiş məlumatlarda "Mirvari” gəzinti gəmisi tərəfindən 2018-ci il ərzində 647 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 168.192 nəfər, 2019-cu il ərzində 460 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 124.932 nəfər, 2020-ci il ərzində 106 gəmi gəzintisi səfərlərinin yerinə yetirildiyi və gəmi səfərlərində olan sərnişinlərin sayının 12.827 nəfər olduğu göstərilib.
Bu rəqəmlər inandırıcı deyil. Həmin dövr sərt karantin rejimi tətbiq olunmuş illərə təsadüf edir. İnsanlar evdən belə çıxa bilmirdilər. Belə olan halda bu qədər sərnişinin daşınması mümkün deyildi”.
İsmayıl Kəngərli ittihamların obyektiv araşdırılması üçün zərərçəkmiş qurumdan əlavə sənədlərin məhkəməyə təqdim olunmasını istəyib. Vəsatət baxılmamış saxlanılıb.
Növbəti məhkəmə iclası avqustun 18-nə təyin edilib.
Qeyd edək ki, İlqar Mustafayev ötən ilin sentyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Şərhlər