Xəbər lenti

Şimali Koreyanın ABŞ-a çata bilən raketi var imiş
Dünya 14:40 19.11.2022

Şimali Koreyanın ABŞ-a çata bilən raketi var imiş

Şimali Koreya cümə günü ABŞ–a çata bilən qitələrarası ballistik raketi (QBR) buraxıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN Yaponiya hökumətinin məlumatına istinadən məlumat yayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi bildirib ki, raket yerli vaxtla saat 10:15 radələrində Şimali Koreyanın paytaxtı Pxenyanın Sunan rayonundan buraxılıb və təxminən 1000 kilometr şərqə uçub. ABŞ sınaqları BMT qətnamələrinin "həyasızcasına" pozulması adlandırıb.

Yaponiyanın baş naziri Fumio Kişida Yaponiya Sahil Mühafizəsinin məlumatlarına istinadən bildirib ki, raket Yaponiyanın Oşima adasından təxminən 210 kilometr qərbdə, Yaponiyanın müstəsna iqtisadi zonasına düşüb.

"Şimali Koreya misli görünməmiş təxribat xarakterli hərəkətlər etməkdə davam edir. Bir daha demək istəyirəm ki, biz bu cür hərəkətləri qəbuledilməz hesab edirik”, - Kişida cümə günü Banqkokda keçirilən APEC sammitində jurnalistlərə bildirib. Onun sözlərinə görə, Yaponiya hökuməti Şimali Koreyanın raket buraxılışları ilə bağlı məlumatları toplamaq, təhlil etmək və ictimaiyyətə çatdırmaqda davam edəcək.

Yaponiyanın müdafiə naziri Yasukazu Hamada bildirib ki, Şimali Koreya raketi ABŞ-a çatmaq potensialına malikdir: 

"Bu dəfə buraxılan qitələrarası ballistik raket 15.000 km-dən çox uça bilir. Nəticə döyüş başlığının çəkisindən asılı olacaq”.

Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrien Uotson cümə günü bildirib ki, ABŞ prezidenti Co Bayden raket buraxılışı ilə bağlı məlumatlandırılıb və onun milli təhlükəsizlik komandası "müttəfiqlər və tərəfdaşlarla yaxından məsləhətləşməyə davam edəcək".

"Diplomatiyanın qapısı hələ bağlanmayıb, lakin Pxenyan sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalı və bunun əvəzinə diplomatik fəaliyyətə üstünlük verməlidir. Birləşmiş Ştatlar öz vətənini, Koreya Respublikası və Yaponiyanın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək”, - Uotson bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->