
Səfa Ağayev 3000 manatı ödəməyənlərə ev tikilməsinə imkan verməyib, camaatsa suyun, ilanların içində yaşayır
İmişli rayonundan dünən JAM.AZ-ın redaksiyasına xeyli sayda şikayət məktbuları daxil olub. Həmin məktublarda əsas problem kimi bir neçə il əvvəl sel suları nəticəsində vətəndaşlara ciddi ziyanın dəyməsi və onun fəsadlarının hələ də aradan qaldırılmamasıdır.
JAM.AZ-a müraciət göndərən İmişli şəhər, P.Həmənov küçəsi ev 17-də yaşayan 64 yaşlı Xanım Musayeva bildirir ki, himayəsində əlil qızı və əlil nəvəsi var. «Çiy kərpicdən tikilmiş iki otaqlı evdə yaşayırıq. 2010-cu ildə baş vermiş sel fəlakətindən sonra evimizi yararsız hala saldı. Həmin vaxt FHN-in əməkdaşları evə baxış keçirib, qərar veriblər ki, qəzalı olduğu üçün yenisi tikilməlidir».
Rayon sakini deyir ki, sonradan iş ört-basdır edildi. Bəhanə olaraq isə həyətdə ikinci evin olması göstərilib. «İkinci ev oğluma məxsusdur və o, orada əlil uşaqları ilə yaşayır».
Xanım Musayeva bildirir ki, indiyə qədər bütün dövlət qurumlarına müraciət edib. Onun dediyinə görə, yazdıqları şikayətlərin hamısı İmişli rayon İcra Hakimiyyətinə göndərilir. «Amma heç bir tədbir g.rülmür. İcra başçısının müavini Səfa Ağayev də deyir ki, gedin hara şikayət edirsiniz edin. Çünki onlar necə istəyirlər, elə də cavab göndərirlər. Onlar məndən 3000 manat pul istədilər ki, ev tiksinlər. Bu xəstə halımla o qədər pulu haradan tapım?
Rayon sakini tikilmiş evlərə yenidən baxış keçirilməsini tələb edir. Xanım Musayeva imkansızlara deyil, imkanlı adamlara seldən zərər çəkən kimi evlərin verildiyini də söyləyir. O deyir ki, əgər araşdırma aparılsa, ondan rüşvət tələb edənlərin hamısının yalanı üzə çıxacaq. «Evimin içində ilan, qurbağa çıxır. Divarı çatlayıb. Evə girmək olmur. Mən hazırda qohumlarımın evində qalıram. Aidiyyatı qurumlardan xahiş edirəm ki, bizə yardımçı olsunlar».
Yazıda adı keçən şəxslər və qurumların da mövqeyini dərc etməyə hazırıq.