
“Sonuncu əməliyyatdan sonra İmran hələ də xüsusi rejimli palatada qalır. Almaniyaya gətirilmədən əvvəl deyilən üç ağır əməliyyatın hamısı edilib. Yaxın günlərdə isə hər hansı əməliyyat planlaşdırılmayıb. Həkimlər hələ ki, müalicənin nəticələrini gözləyirlər”.
Bu barədə Publika.Az-a açıqlamasında Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Rizvan Nəbiyev deyib.
R.Nəbiyev İmranın ayağındakı infeksiyalaşmanın dərəcəsinin aşağı endirildiyini bildirdi:
“İmranın ayağının müalicəsi üçün ən böyük təhlükə infeksiyalaşma idi, müalicədə də əsas istiqamət buna yönəlmişdi. İnfeksiyalaşmanın qarşısı alınıb, irinsoran cihazlar kənarlaşdırılıb. Amma infeksiyalaşma təhlükəsi həmişə var. Hazırda müalicə davam etdirilir. Növbəti dəfə hansı prosesin həyata keçiriləcəyi yaxın günlərdə bəlli olacaq”.
Xatırladaq ki, iyulun 21-də Xaçmaz rayonunda yerləşən “Nabran Holiday Village” akvaparkının hovuzunun nasos sistemi İmran Cəfərzadəyə ağır xəsarət yetirib. Borunun ağzında qoruyucu barmaqlıq olmadığından uşaq sağ ayağının dizdən aşağı hissəsi və sol ayağının dabanını itirib.
Qaynar.info