İyulun 21-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilən I ixtisas qrup üzrə qəbul imtahanında iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, bunun üçün abituriyentlər komissiyanın saytında yaradılmış müvafiq şöbəyə daxil olaraq iş nömrəsi, şifrə və kodu daxil etməklə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər.
Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarına iyulun 14-dən başlanıb. Ali məktəblərə ilk qəbul imtahanı iyulun 14-də III ixtisas qrupu üzrə keçirilib. İyulun 21-də I, iyulun 28-də IV, avqustun 3-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.