Xəbər lenti

İnanıram ki, yeni nazir belə ucuz işlərdən uzaq duracaq... (EKSPERT)
Ölkə09:55 28.07.2020

İnanıram ki, yeni nazir belə ucuz işlərdən uzaq duracaq... (EKSPERT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İnanıram ki, onun bütün fəaliyyətini kabinetdə yox, birbaşa təhsilin olduğu orta məktəblərdə, siniflərdə, ali təhsil müəssisələrində, auditoriyalarda görəcəyik".
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov yeni təyin edilən Təhsil naziri Emin Əmrullayevdən gözləntilərini şərh edərkən deyib. Ekspert Prezident İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin etməsini çox yüksək qiymətləndirdiyini vurğulayıb:
"Artıq ölkədə kadr islahatlarında ciddi şəkildə həm gəncləşmə, həm də həmin sahə üzrə mütəxəssislərin təyin olunması həyata keçirilir. Emin Əmrullayev peşəkar təhsil işçisidir. Uzun müddət Təhsil Nazirliyi sistemində çalışıb. Olimpiadalarda şagirdlərin qazandıqları uğurlar birbaşa Emin Əmrullayevin adı ilə bağlıdır. Azərbaycan təhsili 2014-cü ildən yeni bir yola qədəm qoyub. Bundan sonra da 2014-cü ildən təhsildə başlanmış islahatların, həyata keçrilən layihələrin nəticələnməsi üçün həmin komandanın qalması vacibdir. Bundan başqa, ən vacib nüans odur ki, Mikayıl Cabbarovun komandası ilə başlayan və sonra Cehyun Bayramovun komandası ilə davam edən nazirlik səviyyəsində rüşvətin, korrupsiyanın kökünün kəsilməsi prinsipləri davam etməlidir. Yüksək səviyyədə belə hallara rast gəlmək son 6 ildə mümkün deyildi. Bu müddətdə təhsil sistemində ciddi islahatlar həyata keçirilib, qanunvericilik bazası təkmilləşib, kadr islahatları aparılıb. Onların həll etmədiyi bir sıra problemlər qalmaqdadır".
Kamran Əsədov bildirib ki, təhsil digər sahələrlə müqayisədə öz ətrafına ən çox şəxsi birləşdirən bir sahədir:
"4447 orta məktəbdə 1.6 milyon, 50 dən çox ali, 40-dan çox orta ixtisas təhsili və 100-ə yaxın peşə təhsili müəssisəsində 200 mindən çox tələbə təhsil alır və onlara 180 mindən çox müəllim gündəlik təhsil verir, tərbiyələri ilə məşğul olur. Rəqəmlərdən də göründüyü kimi, ölkədə hər 2 nəfərdən 1-i birbaşa təhsil prosesinin iştirakçısıdır. Ona görə də cəmiyyətin istənilən təbəqəsidə təhsil müzakirə mövzusu ola bilir. Yeni nazirdən təhsildə forma yox, məzmun dəyişikliyinin həyata keçirilməsini gözləyirəm. İnanıram ki, onun bütün fəaliyyətini kabinetdə yox, birbaşa təhsilin olduğu orta məktəblərdə, siniflərdə, ali təhsil müəssisələrində, auditoriyalarda görəcəyik. İnanıram ki, mütəmadi olaraq nazirin məhz çatışmazlıqları görməsi üçün bu yerlərə səfərlərinin şahidi olacağıq. Hansısa neqativ hallar zamanı çevik reaksiya verilmirdir. Yeni nazirlikdən təhsildə baş verən hadisələrə daha çevik reaksiya və cavab verəcək bir komanda gözləyirəm". 
Ekspert dərslik sahəsində ciddi işlərin görülməli olduğunu vurğulayıb:
"Dərsliklərin şagirdlərin yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmadığı ortadadır. Yeni dərslik mərkəzi yaradılmalıdır. Ali təhsil müəssisələrimiz dünya reytinqində yoxdur. Azərbaycana xarici ölkələrdən gələn tələbə sayı azdır. Həm bu, həm də müəllimlərin sosial vəziyyətinin yaxşılaşması istiqamətində addımlar atılmalıdır. Məsələn,  dərs yükünün 18 saat deyil, 12 saat edilməsi istiqamətində addımlar atılmalıdır. Bölgələrə müəllimlərin işləməyə getməsi üçün stimullaşdırıcı tədbirlərin əhatə dairəsi genişlənməlidir. Müəllimlərin, direktorların, direktor müavinlərinin işə qəbulu prosesində ciddi dəyişikliklərə ehtiyac var. DİM tərəfindən həyata keçirilən qəbul və buraxılış imtahanlarında Təhsil Nazirliyinin rolunu, fəaliyyətini ancaq nəticələr elan olunanda görürdük. Bu istiqamətdə daha aktiv işlərin görülməsi zəruridir. Elektron məktəb, elektron universitet lahiyələri həyata keçirilməlidir. Nəticələri illərdir yaxşı olmayan məktəblərin bütün kollektivi xüsusi attestasiyadan keçirilməli, lazım olarsa, yerləri dəyişdirilməlidir. Bundan başqa təhsil sistemi üçün yad olan bir troll ordusu formaşlaşıb. Hansısa çatışmazlıq, neqativ hal və ya tənqid olan kimi həmən troll ordusu feyk profillər ilə hücuma keçir. İnanıram ki, yeni nazir belə ucuz və lazımsız məsələlərdən uzaq duracaq".
Kamran Əsədov yeni naziri 6 ildir tanıdığını deyir:
"İlk dəfə ANS tv-də "Günəbaxan" verilişində birlikdə qonaq olmuşduq. Ondan sonra dəfələrə rəsmi tədbirlərdə görüşmüşük, fikir mübadiləsi etmişik. Kifayət qədər təsil bilicisi və təhsildəki proseslərdən xəbərdardır".
Bahar Rüstəmli