
Milli Məclisin deputatı Çingiz Qənizadə xalq artisti İlhamə Quliyevanı "Şərəf" ordeni alması münasibətilə təbrik edib.
Bir müddət əvvələdək İ.Quliyeva ilə aralarında ciddi qalmaqal yaşanan deputat Çingiz Qənizadə bu məsələyə münasibət bildirərkən “Yeni Müsavat”a deyib ki, xalq artisti ilə aralarındakı problem qarşı tərəfin canlı yayımda səsləndirdiyi ifadə ilə bağlı olub: “Cənab prezidentin qəbul etdiyi qərara biz necə münasibət bildirə bilərik? Bu, prezidentin hüququdur. O, İlhamə xanımın müəyyən xidmətlərini, yaşını nəzərə alaraq onu ”Şərəf" ordeni ilə təltif edib. Bu haqda mən heç nə deyə bilmərəm. Ancaq onun məni məhkəməyə verib-verməməyi “Şərəf” ordeni ilə bağlı deyil ki. Əslində bəlkə də, mən onu məhkəməyə verə bilərdim. Amma ümumilikdə götürdükdə, bu qalmaqal iki insan arasında olan fikr mübadiləsi, söz savaşı idi. Mən sadəcə İlhamə Quliyevanın konkret bir çıxışına münasibət bildirmişdim. Onun sənətini, fəaliyyətini və s . qiymətləndirməmişdim və bu fikrdə də deyiləm. Bu qalmaqalın yaranmasına da əsas səbəb canlı yayımda İlhamə Quliyevanın emosiyalara qapılıb qeyri-etik ifadələr işlətməsi idi. Ancaq bu o demək deyil ki, mən İlhamə Quliyevaya qarşı düşmənçilik mövqeyindəyəm və ya o mənə qarşı belə bir mövqedədir. İndi cənab prezident belə hesab edirsə ki, o, 70 illik yubleyində “Şərəf” ordeni ilə təltif olunmalıdır, mən də bu münasibətlə onu təbrik edirəm. İlhamə xanıma can sağlığı arzu edirəm. Eyin zamanda öz mövqeyimdə də qalıram ki, ölkənin musiqi aləmində tanınan insanlar telekanallarda öz hərəkətlərinə, danışıqlarına fikir verməlidirlər. Bu mənim mövqeyimdir və hesab edirəm ki, belə də olmalıdır, hər kəs öz danışığına, davranışına fikr verməlidir. Bu həm İlhamə Quliyevaya, həm Çingiz Qənizadəyə, həm də digərlərinə aiddir. Bütün bunlara, yaranmış qalmaqallara baxmayaraq, mən İlhamə xanımı 70 illik yubleyi və “Şərəf” ordeni alması münasibəti ilə təbrik edirəm. Bu hər şeydən əvvəl bir mədəniyyət göstəricisidir".
Qaynar.info