Orxan Saffari
Yəqin ki, hər biriniz belə adamlarla rastlaşıb, həmsöhbət olmusunuz. Əgər rastlaşmamısınızsa, təəssüf, deməli, o adam siz özünüzsünüz. Buna görə isə sizə ayrıca bir ayıb olsun. Yekə adamlarsınız, danışdığınıza, düşüncənizə baxın.
Söhbət o adamlardan gedir ki, məsələn, adicə Sovet dövrünün satqın, yaltaq yazıçıları, ümumi ictimai adamlarını əməllərinə görə tənqid edəndə, "o dövrün tələbi o olub, ona görə elə ediblər" kimi bəhanələr, müdafiələr edir. İnsan dilinin altında, sözünün ilk cümləsində gizlənir. Əgər sən iyrənc əməllərə bərabət verirsənsə, demək ki, mahiyyətin də budur.
İstisnasız və qeyri-şərtsiz:
Yaltaq, satqın adama bu cür bəraətlər edən adam, özü də bu cür adamdır. Sadəcə, fürsət düşməyib, içindəki mahiyyətdir. Ya da düşüb, edib, bu söhbətlərin timsalında indi də özünü qoruyur. Necə yəni dövrün tələbi o olub deyə, o adam da elə edib? Dövrün tələbi nədirsə, onu da etməlisən? Elə şey olar? Siyasi rejimin diktatorluğunu, o adamların cəsarətsiz, satqın, yaltaq olmaqlarına dəlalət kimi bağlamaq qətiyyən düzgün deyil. Ona qalsa, bütün dövrlərin öz tələbləri olub, hamısı da biri-birindən dəhşətli, amansız.
Və bir qızıl qayda: Hamı öz layiqli dəyərini almalıdır. Ya ölümü ilə, ya əvvəl, ya da sonra xatırlanaraq. Yaxşı və pis seçilməlidir, ya yox?
Sovet dövründən təmiz, yaxşı çıxan adamlar çox azdır. Təmiz qalmaq istəyənlər sonradan bir az da olsa təmiz tanınan adamlar tərəfindən repressiyaya getdilər. Sizə deyim, bu cür fikirlər səsləndirənlərin əksəriyyəti də ya Sovet adamları, ya da "Sovet istehsalı" adamlardır.
Sıradan bir cümlə görsənə bilər, amma mahiyyətində olduqca böyük təhlükə dayanır. Mən həmişə belə adamlardan ehtiyat etmişəm. Belə adamlar ilk fürsətdəcə adama nə desən edər, sonra da yaxşıca bir bəraət qazandırar. Olan sənə olar, o da gedər öz kefini çəkməyə. İnsanı riyakarlığa, satqınlığa, üzə duranlığa və.sairə bu cür çirkin əməllərə heç bir qüvvə sürükləməməli, bəraətə isə ayaq yeri olmamalıdır.
Ona qalsa, yaşadığımız bu müasir dövrün tələbləri də aşağı-yuxarı eynidir. Əgər həqiqətən yağ-bal içində yaşamaq və bunu əziyyət çəkmədən etmək istəyirsənsə, əlini əyriliyə öyrədib, ruhunu kirlədəcəksən.
Daha durub, "zəmanə onu tələb edirdi, ona görə oğurladım, zəmanə onu tələb edirdi, ona görə o adamları satıb ölümə göndərdim" kimi söhbətlər etməyəcəksən.