
İlk dəfə iş axtaran ali təhsilli gənclərə dəstək məqsədi daşıyan yeni pilot layihə təqdim olunub.
"Azərbaycanda gənclərin məşğulluğunun təminatında əsas problemlərdən birinin ali təhsilli, ilk dəfə işaxtaran gənclərlə bağlıdır. Bir çox hallarda işəgötürənlər ali təhsil müəssisəni yenicə bitirmiş məzundan daha çox, özünü təsdiqləmiş, müəyyən müddət iş təcrübəsi olan mütəxəssisləri işə cəlb etməyə üstünlük verir".
ƏƏSMN-dən verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Onun sözlərinə görə, Azərbaycanda qeyd edilən problemin həlli istiqamətində ƏƏSMN Beynəlxalq Əmək Təşkilatı ilə birgə sosial tərəfdaşlıq prinsipi əsasında pilot olaraq yeni aktiv layihəyə başlamağa qərar verib.
“Bu gün təqdim olunan layihə bir tərəfdən gənc mütəxəssislərin təhsildən aktiv əməyə keçidini asanlaşdırır, digər tərəfdən isə ilk dəfə işaxtaranları subsidiyalı əmək haqqı ilə işə qəbul edən işəgötürənləri təşviq edir. Belə ki, bu pilot layihə ali təhsil müəssisəsini bitirdikdən sonra iş yeri tapmayan və Bakı şəhərindəki Məşğulluq mərkəzlərində ilk dəfə iş axtaran kimi qeydiyyatda olan 15 nəfər gənclə işəgötürən arasında əmək müqaviləsinin imzalanmasını, həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının işəgötürən tərəfindən deyil, subsidiyalı şəkildə BƏT-in maliyyə dəstəyi ilə ödənilməsini nəzərdə tutur”, Səlim Müslümov deyib.
Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Beynəlxalq Əmək Təşkilatı ilə birgə “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsinin təqdimatını keçirib.
Qaynar.info