
Şirvan şəhər sakini, II qrup əlil (ömürlük) İsmayılov Zahid Əkbər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.
Müraciətdə qeyd olunur ki, dəfələrlə ev növbəsinə durmasına və bununla bağlı aidiyyatı qurumlara müraciət etməsinə baxmayaraq, Zahid İsmayılov mənzillə təmin olunmayıb.
Həmin müraciəti sizllərə təqdim edirik:
“Hörmətli cənab Prezident, özüm haqqında məlumat verərkən bildirmək istəyirəm ki, 17.02.1966-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşam. Uşaqlıqdan II qrup (ömürlük) əliləm. Bu barədə mənə 02.08.2000-ci ildə 213451 saylı vəsiqə təqdim edilib.
1990-cı ildə Şirvan şəhərindəki “Araz” İstehsalat Birliyində (İB) işlədiyim vaxtdan etibarən mənzil növbəsinə dayanmışam. Lakin mənə sənədlərimin arxivdə olmadığını, itdiyini bildiriblər. Mənzil şəraitim dözülməz olduğundan Şirvan şəhər İcra Hakiyyəti tərəfindən 2007-ci ildən yenidən mənzil şəraitimin yaxşılaşdırılması məqsədilə ev növbəsinə götürülmüşəm.
Cənab Prezident, əlillər üçün dəfələrlə ev tikilməsinə baxmayaraq, mən hələ də mənzillə təmin edilməmişəm. Növbəyə durarkən fikirləşdim ki, mənə də yararlı olan bir mənzil verilər, mən də xəstə həyatımın qalan hissəsini insan kimi yaşayaram. Lakin bu illər ərzində mən mənzillə təmin edilmədim, dövlət tərəfindən heç bir qayğı görmədim, aidiyyatı orqanlara müraciət etsəm də, heç bir cavab verilmədi.
Cənab Prezident 4 il bundan qabaq Sizə yazılı müraciətimdən sonra mənimlə “maraqlandılar” və mənə yararsız bir yerdən (ticarət obyekti tikmək üçün) 15 kv.m. torpaq sahəsi verdilər. Hansı ki o yer heç bir işə yaramır və mənim orada nəsə tikməyə imkanım yoxdur. Himayəmdə iki azyaşlı uşaq olduğundan heç cür dolana bilmirəm. Aldığım təqaüd övladlarımın köməyinə çatmır.
Cənab Prezident, Sizə müraciət etdiyim ərəfədə məni susdurmaq məqsədilə insanlığa yaraşmayan böhtanlar atmaq istədilər və hədələdilər. Halbuki, mən 5 vaxt namazımda olan insanam. Mənə torpaq sahəsi (15 kv.m) verilməsilə əlaqədar 14.09.2009-cu il tarixində Şirvan şəhər icra başçısı Mərdan Camalova minnətdarlıq ərizəsi verdim və mənzil növbəsində olduğumu nəzərində saxlamaqlarını xahiş etdim.
23 il ev növbəsində, 10 il yataqxana şəraitində döşəməsi olmayan betonun üstündə yaşayıram. Artıq həkimlərin rəyinə görə, vərəm daşıyıcısıyam. Müraciətə, haqqımı tələb etməyə baxan yoxdur. Artıq özümü intihar etmək həddinə çatdırıblar. Övladlarımın gözünə baxa-baxa ölməkdənsə, Şirvan şəhərinin struktur orqanlarının qapısında ictimai şəkildə intihar etsəm bəlkə məmurlara vicdan əzabı vermiş olaram.
Cənab Prezident, tam səmimi deyirəm, mənu buna hazıram. Siz Azərbaycan xalqının ürəyində ən sevimli insan, xalqın xilaskarı kimi tanınırsınız. Buna görə də Sizə müraciət edərəkbu haqsızlığa son qoymağınızı və mənim canımı bağışlamağınızı xahiş edirəm.
Əvvəlcədən sizə minnətdarlığımı bildirirəm və Sizə gələcək prezident seçkilərində uğurlar arzulayırıq”.
Qeyd edək ki, şikayətçinin sözlərinə görə, 2007-ci ildə durduğu ev növbəsində 27-ci olub. O vaxtdan bəri əlillərə ev paylanan zaman ona nəinki ev verilməyib, hətta Şirvan şəhər İcra Hakimiyyətindən ona ev növbəsində 30-cu olduğunu bildiriblər.
II qrup əlil bunu İcra Hakimiyyətində ona göndərilən məktublarla da təsdiq edir.
Qaynar.info




