
Şirkət İstehlakçı hüquqlarını pozmaqla məşğuldur
Redaksiyamıza istehlakçı hüquqlarının pozulması ilə bağlı şikayət daxil olub.
Pərviz Əzimov adlı vətəndaş tərəfindən Qaynar.info-ya daxil olan şikayətdə bildirilir ki, o, oktyabr ayının 8-də “28 Mall” Ticarət mərkəzində yerləşən “New Yorker” mağazasında özü üçün köynək alıb. Köynəyi bir dəfə geyindikdən sonra ölçüləri dəyişməyə, köynək genişlənməyə başlayıb: “Belə olan halda mən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov ilə əlaqə saxladım, vəziyyəti ona izah elədim. E. Hüseynov da mənə telefon danışığında bildirdi ki, belə hallarda istehlakçının aldığı malı 14 gün müddətində qaytarmaq hüququ var. Bunun üçün gərək köynəyin alınmasını təsdiq edən kassa qəbzi də üstündə olsun. Mən də köynəyin özünü və kassa qəbzini özümlə götürərərk “New Yorker” mağazasına getdim.
Mağazanın adminstratoru ilə görüşdüm. Köynəyə baxdılar və özləri də təsdiq elədi ki, köynəyin ölçüləri dəyişdirilib. Araşdırılıqda onlara da məlum oldu ki, aldığım paltarın material xüsusiyyətləri ilə bağlı satıcı tərəfindən mənə heç bir məlumat verilməyib. Adminstratordan xahiş etdim ki, köynəyi ya geri qəbul etsinlər, ya da başqa bir köynəklə dəyişdirsinlər. Onlar da məndən köynəyin alınması ilə bağlı kassa qəbzini tələb etdilər. Kassa qəbzini də onlara təqdim etdim. Hərəkətlərindən hiss etdim ki, onlar qəbzi saxlayacağımı gözləmirdilər. Belə olan halda mənə bildirdilər ki, gərək köynək alınarkən onun üstündə malın qiymətini yazan “birka”nı da onlara təqdim etməliyəm. Mən də bildirdim ki, “birka” mal mənə təhvil verilərkən satıcı tərəfindən kəsilib və onun özü tərəfindən zibil qabına atılıb. Hətta onlara bildirdim ki, əgər mənə inanmırlarsa, mağazada yerləşdirilən və birbaşa satıcılara nəzarət üçün nəzərdə tutulan kameranın yaddaş görüntülərinə baxa bilərlər. Oradan da görünür ki, satıcı “birka”nı mənə təqdim etmədən və bu barədə heç bir məlumat vermədən zibil qabına atıb”.
P. Əzimov bildirir ki, mağazanın adminstratoru dediklərimə heç bir məhəl qoymadan könəyi qaytarmaq və ya başqa birisi ilə dəyişdirməkdən imtina etdi. Onlara məlumat verdim ki, mən bu məsələdə tam haqlıyam və məsələ ilə bağlı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edərəm. Dedilər kimə istəyirsən şikayət et, heç kim bizə heç nə edə bilməz".
Şikayətçinin dediyinə görə o daha sonra İqtisadi İnkişaf Nazirliyinin 195-2 saylı qaynar xəttinə müraciət edib: “Nazirlikdən şikayətimi qeydə aldılar və bildirdilər ki, məsələ araşdırıldıqdan sonra sizə bu barədə məlumat veriləcək. Dünən – 21 oktyabr tarixində İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən mənimlə əlaqə saxladılar və dedilər ki, onlara yaxınlaşmalıyam. Bu gün getdim, qurumun əməkdaşları ilə görüşdüm. Aldığım köynəyə və kassa qəbzinə baxdılar. Bildirdilər ki, bunu dəyişmək və qaytarmaq üçün tam hüququm var. Çünki köynəyin əmtəə forması dəyişməyib və kassa qəbzi də saxlanılıb. Onlara mağazanın “birka” tələbi ilə bağlı məlumat verdim. Nazirliyin əməkdaşları bildirdilər ki, qanunda belə bir şey yoxdur və mağaza da bunu tələb edə bilməz. İstehlakçılarının hüquqlarının müdafiəsi sektorunun əməkdaşları mağaza ilə əlaqə saxladılar və məsələ ilə bağlı məlumat verdilər. Mağazadan bildirdilər ki, əgər köynəyin üstündə satılarkən olan qiymət “birkası” varsa, onu dəyişdirilə bilərlər. Əks halda bu mümkün deyil. Nazirliyin əməkdaşları onlara bildirdilər ki, qanundan belə bir şey yoxdur və siz hazırda istehlakçı hüquqlarını pozursuz. Mağaza rəsmisi isə bildirdi ki, qaytarmırıq vəssalam.
Çox qəribə mənzərə yaranmışdı. Nazrlik tələb edirdi, şirkət isə icra etmirdi. Hətta qanundan konkret misallarla durumu şirkət nümayəndəsinə izah da elədilər, ancaq xeyri olmadı. Daha sonra Mağazanın Roman adlı sahibi ilə əlaqə saxlamağa cəhd elədilər, o isə heç bir zəngə cavab vermədi”.
Şikayətçinin dediyinə görə, nazirlikdə bunu eşidən hər kəs təəccüb içində idi: “Vəziyyət belə olan halda mənə bildirdilər ki, məsələ araşdırılacaq və sizinlə əlaqə saxlanılacaq. Siz tam haqlısınız, ancaq bunlar qanunun tələblərinə əməl etmirlər”.
Məsələ ilə bağlı mazağanın rəhbərliyi ilə əlaqə saxladıq. Mağazanın Roman adlı rəhbəri saytımıza heç bir açıqlama verməsə də, bildirdi ki, bu dəqiqə sizinlə mağazadan əlaqə saxlayacaqlar və suallarınızı cavablandıracaqlar. Onların zəngini gözləsək də, mağazadan heç kim zəng etmədi.
Qaynar.info