Dünya 14:53 01.04.2024

İran da "Crocus" terrorundan əvvəl Rusiyanı xəbərdar edibmiş - "Reuters"

İran 144 nəfərin ölümü ilə nəticələnən "Crocus City Hall” hücumundan əvvəl Moskvanı Rusiya ərazisində mümkün böyük terror aktı ilə bağlı xəbərdar edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” vəziyyətlə tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

"Rusiyadakı terror aktından bir neçə gün əvvəl Tehran İranda baş verən ölümcül partlayışlarla bağlı həbs olunanların dindirilməsi zamanı Rusiya daxilində mümkün böyük terror aktı ilə bağlı məlumatları Moskva ilə bölüşüb”, deyə mənbələrdən biri bildirib. 

Yanvar ayında İranın Kəşfiyyat Nazirliyi yanvarın 3-də ölkənin cənub-şərqindəki Kirman şəhərində 100-ə yaxın insanın ölümünə səbəb olan partlayışlarla əlaqəsi olan 35 nəfərin həbs edildiyini bildirmişdi. Yanvarın 19-da nazirlik İŞİD-in Əfqanıstanda yerləşən "Vilayəti Xorasan” qolunun komandirinin həbs edildiyini açıqlayıb.

Adının açıqlanmasını istəməyən ikinci mənbə bildirib ki, Tehran gözlənilən hücumla bağlı vaxt və ya dəqiq hədəflə bağlı konkret təfərrüatlar verməyib. "Onlara (qrupun üzvlərinə) Rusiyada genişmiqyaslı əməliyyata hazırlaşmaq tapşırılıb... Terrorçulardan biri (İranda həbs edilib) qrupun bəzi üzvlərinin artıq Rusiyaya getdiyini bildirib”, deyə ikinci mənbə bildirib. 

"İran uzun illər terror hücumlarının qurbanı olduğu üçün, İran hakimiyyəti həbs edilmiş terrorçulardan alınan məlumat əsasında Moskvaya xəbərdarlıq etmək öhdəliyini yerinə yetirib”, deyə üçüncü mənbə, yüksək rütbəli təhlükəsizlik rəsmisi deyib.

Xatırladaq ki, ABŞ və Böyük Britaniya səfirlikləri martın 7-də Moskvada baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq ediblər. ABŞ səlahiyyətliləri gözlənilən terror aktı ilə bağlı məlumatları Rusiya kəşfiyyat xidmətlərinə ötürdüklərini bildiriblər. FTB direktoru Aleksandr Bortnikov təsdiqləyib ki, Rusiya həqiqətən də martın əvvəlində ABŞ-dan terror aktının hazırlanması ilə bağlı məlumat alıb, lakin onun sözlərinə görə, ABŞ tərəfinin ötürdüyü məlumat ümumi xarakter daşıyıb.

Nizami Bağırov