Xəbər lenti

İran-İsrail mühairbəsi: Gecə nə baş verib? (ƏSAS MƏQAMLAR)
Dünya 09:05 14.04.2024

İran-İsrail mühairbəsi: Gecə nə baş verib? (ƏSAS MƏQAMLAR)

İran şənbə günü axşam saatlarında pilotsuz təyyarələrlə İsrailə hücum edib.

Əvvəlcə bunun onlarla dron olduğu bildirilirdi. Sonra "The Times of Israel” PUA hücumlarının ikinci dalğası, sonra isə üçüncü dalğa haqqında yazdı. Həmçinin İranın İRNA agentliyi Tehranın İsrailin dərinliklərindəki hədəflərə ballistik raketlər atdığını bildirib. İsrail Müdafiə Qüvvələri (IDF) belə atışlar aşkar etdiyini təsdiqləyib.

İlk hava obyektləri Bakı vaxtı ilə saat 3:00-a yaxın İsrailə çatıb. Xüsusilə Qüdsdə partlayış səsləri eşidilib. Qüdslə yanaşı, İsrailin cənubunda və şimalında, Şomron bölgəsində, həmçinin Ölü dəniz üzərində hava hücumu sirenləri işə salınıb.

İran ilk dəfə olaraq İsrailə birbaşa hücumu regional proksi qruplarının – Yəmən üsyançıları hüsilərlə  və Livan şiə qruplaşması "Hizbullah”ın köməyi ilə deyil, öz ərazisindən başlayıb.

Husilər və Hizbullah hücuma dəstək verib. Reuters-in verdiyi məlumata görə, Yəməndən bir neçə pilotsuz təyyarə buraxıb. Hizbullah İsrailin nəzarətində olan Qolan təpələrinə onlarla raket atdığını açıqladı. İsrail ordusu qruplaşmanın Livandakı hədəflərinə cavab zərbələri endirib.

ABŞ bildirib ki, İsrailə beş ölkənin ərazisindən ümumilikdə 400-500 raket və PUA buraxılıb. Bu barədə  ABC News yüksək rütbəli amerikalı məmura istinadən xəbər verib. Onların əksəriyyəti İrandan, qalanları İraq, Livan, Suriya və Yəməndən uçub. İsrail Müdafiə Qüvvələri 100-dən çox pilotsuz təyyarə aşkarlayıb və onların qarşısını almağa başlayıb.

İsrailə hərbi yardım ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilir. "The Times of Israel”in İsrail Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, 100-dən çox İran PUA-sı  İsraildən kənarda ələ keçirilib. Onlar İordaniya və Suriya üzərində vurulub. PUA-ların bəziləri Amerika və Britaniya qırıcıları tərəfindən məhv edilib.

İsrailin Ynet nəşri rəsmilərə istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemləri İsrailə atılan ballistik raketlərin və pilotsuz təyyarələrin 99%-ni ələ keçirib. İsrail ordusu Negevdəki ordu bazalarından birinə minimal ziyan dəydiyini bildirib.

İRNA-nın məlumatına görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki mühüm hərbi obyektlərin "uğurlu şəkildə məhv edildiyini” elan edib. Mehr Xəbər agentliyi yazır ki, İran hücumda Şahed-136 kamikadze dronlarından istifadə edib.
İsrailin baş naziri Binyamin Netanyahu xalqa axşam müraciətində ölkənin İranın hücumuna hazır olduğunu bildirib və hücuma cavab veriləcəyini vəd edib.

İranın ruhani lideri Əli Xamenei İranın İsrailə hücumunun başlamasından sonra deyib ki, "şər sionist rejim cəzalandırılacaq”. İranın BMT-dəki missiyası bildirib ki, "İsrail növbəti səhvə yol verərsə, İranın cavabı çox daha sərt olacaq”.

Bakı vaxtı ilə saat 5:00 radələrində İsrail ordusu elan edib ki, israillilərə artıq sığınacaqların, xüsusən də bomba sığınacaqlarının yaxınlığında olmaq lazım deyil.

ABŞ prezidenti Co Bayden Netanyahu ilə telefon danışığı aparıb.

Baydenin sözlərinə görə, ABŞ İsrailə İranın demək olar ki, bütün pilotsuz təyyarələrini və raketlərini vurmağa kömək edib. Hücum Suriya, İraq və Yəmən ərazilərindən də həyata keçirilib.

"The New York Times” yazır ki, Tehran hücum zamanı 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi buraxıb.

İranın İsrailə hücumu ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının iclası aprelin 14-də Nyu-York vaxtı ilə saat 16:00-a təyin edilib.

Tehranın hücumu İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş zabiti və iki yüksək rütbəli generalı da daxil olmaqla 13 nəfərin ölümü ilə nəticələnən hücumuna cavab idi. İran və Suriya rəsmiləri hücumda konsulluğun tamamilə dağıldığını iddia ediblər.//Azpost.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->