Dünya 17:17 26.01.2023

İran Londona qarşı hansı sanksiyaları tətbiq edə bilər? - Ekspert

"İran sadəcə olaraq, Avropa ölkələrində terror törədə bilər. Bundan başqa, İranın həmin ərazilərə təsir edəcək hər hansı bir güc və imkanı yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan İran Xarici İşlər Nazirliyinin Avropa İttifaqı və Böyük Britaniyanın Tehrana qarşı yeni sanksiyalarını kəskin tənqid edərək, yaxın gələcəkdə cavab tədbirləri ilə çıxış edəcəyini elan etməsinə münasibət bildirərkən deyib. Ekspertin fikrincə, İran bu fikirləri daha çox ölkə daxili ictimai rəy üçün səsləndirib:
 
"Böyük Britaniyanın İranla elə də dərin iqtisadi bağları yoxdur. Orada BP fəaliyyət göstərirdi, onun bir çox özəl şirkəti bağlanıb və İrandan çıxıblar. Britaniya bankları da uzun müddətdir İranda fəaliyyətlərini dayandırıb. Yəni, Londonla Tehran arasında elə də böyük ticari əməliyyatlar yoxdur. Avropa İttifaqının ola bilər ki, hansısa ölkəsi ilə İran arasında müəyyən ticari əlaqələr olsun. Amma onun da böyük həcmdə olduğunu zənn etmirəm. Ola bilər ki, qaz sahəsində hansısa alverləri var. Həm Avropa İttifaqı, həm də Böyük Britaniya hökuməti və iş adamları İranla iqtisadi-ticari əlaqələrin risqli olduğunu neçə illər öncədən bilirdilər. Bu baxımdan, həmin istiqamətdəki planlarını fərqli istiqamətə yönəldiblər. Nəticədə İranı əvəzləyəcək başqa tərəfdaşlar tapıblar. Odur ki, İranın Aİ və Londona qarşı sanksiyaları krallıq və ittifaqın iqtisadi, siyasi, mədəni, ictimai və s. həyatına elə də ciddi təsir göstərməyəcək”. 
 


Həmsöhbətimiz deyir ki, İran sadəcə olaraq, Aİ və Britaniyada terror törədə bilər:
 
"Bundan başqa, İranın həmin ərazilərə təsir edəcək hər hansı bir güc və imkanı yoxdur. Tehranın belə gücü varsa, ilk növbədə ölkəsini qazla təmin etsin, müəllimlərin pulunu versin, yoxsul təbəqənin vəziyyətini yaxşılaşdırmaq üçün iqtisadi-sosial proqramlar həyata keçirsin. Rusiya Ukrayna müharibəsinə görə Aİ və Böyük Britaniyaya çoxsaylı sanksiyalar tətbiq etdi. Amma heç nə qazanmadı. Rusiyanın edə bilməyəcəyini İran heç zaman edə bilməz”. 

Qeyd edək ki, İran XİN-i ölkədə insan haqlarının pozulmasına görə, Aİ və Böyük Britaniyanın Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsini kəskin şəkildə pisləyib və yaxın gələcəkdə cavab tədbirləri elan edəcəyinə söz verib. Nazirliyin sözçüsü Nasser Kanani deyib ki, Aİ və Böyük Britaniyanın yeni tədbirləri İran həqiqətlərini anlamaqda uğursuzluq nümayiş etdirir. O, sanksiyaları "çarəsizlik və məyusluq əlaməti” adlandırıb və əlavə edib ki, "Aİ və Böyük Britaniyada başa düşülür ki, bu sanksiyalar İran xalqının xarici müdaxiləyə müqavimət göstərmək əzminə təsir etməyəcək”. 

"Bununla əlaqədar olaraq, İranın "Aİ və Böyük Britaniyada insan haqlarını pozanlara və terroru dəstəkləyənlərə qarşı” cavab tədbirləri görmək hüququ var və bunu yaxın gələcəkdə elan edəcək", deyə xarici işlər nazirliyi xəbərdarlıq edib. 

Rüfət Sultan