Xəbər lenti

Siyasət 14:07 13.02.2024

İran səhvini anlayır: Səfirliyimiz açılacaqmı? (ŞƏRH)

"Bu görüş İranın Azərbaycana qarşı atdığı səhv addımların etirafıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov İranın Bakıdakı səfirinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, iki ölkə rəsmilərinin qarşılıqlı fəaliyyət sahəsindəki addımları onu deməyə əsas verir ki, münasibətlərin yaxşılaşması yolunda hər iki tərəf səy göstərir:

"İran regionda gərginlik ocağının qalmasında maraqlı olan və buna çalışan qüvvələrin əlinə oynayır, hətta bu qüvvələrdən biri kimi çıxış edir. Tehran Azərbaycana qarşı bu günə kimi bir sıra qəbuledilməz addımlar atıb. Azərbaycan isə hər zaman buna təmkinlə cavab verib və hesab edib ki, İran gəldiyi səhv nəticələrin bir gün fərqinə varacaq. Hesab edirəm ki, İranın ölkəmizdəki səfirinin Azərbaycan rəsmilərilə keçirdiyi görüş də məhz bu qəbildəndir".
 


Ekspert hesab edir ki, Tehrandakı səfirliyimizin yenidən fəaliyyətə başlaması üçün vacib olan şərtlər İran tərəfindən yerinə yetiriləcək və səfirimiz yenidən Tehrana qayıdacaq:

"Amma bu İranın əvvəlki şəraiti tamamilə dəyişməsi, siyasətini həqiqi, uydurma olmayan praqmatik reallıqlar üzərində qurması şərtləri daxilində mümkündür. Azərbaycan dövləti İran dövlətinə həmişə dostluq və qardaşlıq prizmasından yanaşıb, bundan sonra da belə olmasını təmənna edir. Növbəti addımın İrandan gəlməsi isə mütləqdir".

Qeyd edək ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Samir Şərifovla görüşüb. Bu barədə İranlı diplomat "X” hesabında paylaşım edib. Bildirilib ki, görüşdə iki ölkə arasında son dinamikalar və qarşılıqlı münasibətin perspektivi haqda fikir mübadiləsi aparılıb. Onu da vurğulayaq ki, bu görüş İrandakı səfrliyimizə hücum edən şəxs barədə edam hökmünün çıxarılmasından sonra baş tutub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->