Britaniyada çıxan “The Guardian” qəzeti yazır ki, yay yaxınlaşdıqca İran rejimi də “anti-İslami” saç kəsimlərinin, “bədən modifikasiyalarının” və döymələrin üzərinə hücumunu gücləndirir.
İranda “homoseksual” və “şeytani” saç üslübları, habelə Günəş vannaları, döymələr və kişilərin qaşlarını aldırması qadağandır.
Qəzet yazır ki, ən böyük dözümsüzlük, dik duran pipikvari saç düzümünə göstərilir.
İranda «homoseksual» saç düzümü qadağan edilir
Bundan başqa qadın və kişilərin idman geyimlərindən istifadəsi də “Qərbin zərərli təsirləri”ndən hesab olunur.
Kəkil olar, birçək yox
2010-cu ildən İranda kişilərin “at quyruğu” formasında, habelə uzun birçək və saç saxlaması, saçlara gellərin çəkilməsi də yasaqdır. Hərçənd 1980-ci illərin stilində pırtlaşıq saçlara və kəkil gəzdirməyə icazə verilir.
İranın mötədil prezidenti Hassan Rouhani belə məhdudiyyətlərin əleyhinədir və bəyan edib ki, “polis İslam qaydalarını yox, asayişi təmin etməlidir”.
İran Bərbərləri İttifaqının rəhbəri Mostafa Govahi deyib ki, dəllək dükanlarına müştərilərə pipikli saç düzəltmək yasaq edilib və bu yasağı pozanların salonları bağlanacaq.
O bildirib ki, “şeytan sitayişçilərinin saç düzümünü xatırladan stillər” qadağandır.
Onun sözlərinə görə, bu qaydaları pozan bərbərlərin lisenziyaları ləğv olunacaq.
“Homoseksual saç” necə olur?
İranın mühacir müxalifət “Manato” telekanalına verdiyi müsahibədə Govahi bildirib ki, bütün ölkə boyunca bərbərlərə icazəli saç düzümlərinin kataloqu verilib.
Govahi “homoseksual saç düzümü”nün nə demək olduğunu izah edə bilməyib.
Bununla belə, İran bərbərlərinin böyüyü bildirib ki, o bu vəzifəni tutduqca, belə “zərərli stillərə” icazə verməyəcək.
O deyib ki, məhdudiyyətlər İranın ali rəhbəri ayətullah Ali Khamenei-nin direktivlərinə müvafiqdir. azadliq.org