
İran vətəndaşı olan iş adamı Şəhram Əli oğlu Pursəfər (Şhahram Poursafar) Azərbaycanda ciddi problemlə üzləşib. O, əmlakının əlindən alındığını deyir və yalnız Azərbaycan prezidenti İlham Əliyevə güvəndiyini vurğulayaraq ondan kömək istəyir.
Ş.Pursəfərin Qaynar.info-ya ünvanladığı müraciətində deyilir ki, onun halal mal-mülkü etibardan sui-istifadə yolu ilə ələ keçirilib, məhkəmələr isə buna göz yumur: ““Avropa Stil” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 2006-cı il, aprelin 26-da hüquqi şəxs kimi Azərbaycanın Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Həmin vaxt onun yalnız bir təsisçisi var idi. Bu, İran İslam Respublikasının vətəndaşı Barat Qasım oğlu Nasiri (Barat Naseri Ghasem) idi. Sonradan mən və digər təsisçi “Malta AAN2” şirkəti “Avropa Stil” MMC-nin paylarının 90 faizini qanuni yolla almışıq.
Mən müəssisəni alandan sonra Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 42C ünvanında yerləşən və ümumi sahəsi 3372,8 kvadratmetrdən ibarət olan 4 mərtəbəli qeyri-yaşayış binasını öz vəsaitim hesabına inşa etdirmişəm. “Avropa Stil” MMC-nin 10 faiz payı Barat Nasiridə olduğuna görə, eləcə də o, əvvəlcədən şirkətin qanuni təmsilçisi olduğu üçün, nəhayət, özüm Azərbaycanda az-az olduğuma görə müəssisəni də, tikdirdiyim binanı da Barat Nasiriyə etibar etmişdim”.
İş adamını sözlərinə görə, problemləri də elə bundan sonra başlayıb: “Çox təəssüf ki, Barat Nasiri bu etibarımdan və işimlə bağlı daha çox xaricdə olmağımdan sui-istifadə edərək 2012-ci ilin dekabrında 14 saylı notariusla əlbir olub və dəyəri 5 milyon manat olan həmin qeyri-yaşayış binasını Aslan Qulam oğlu Abdullayev və Seyran Süleyman oğlu İbrahimov adlı şəxslərə satıb. Özü də Barat Nasiri bu alqı-satqı əməliyyatını müəssisənin təsisçisi kimi tək öz adının yazıldığı köhnə sənədlər əsasında həyata keçirib. Barat Nasirinin belə bir xəyanətə, 14 saylı dövlət notariat kontorunun isə qanunsuzluğa yol verməsindən binanın sahibləri kimi az sonra xəbər tutduq. Barat Nasiri həmin əmlakın sahibi deyildi. O, yalnız etibardən sui-istifadə edərək binanı satıb”.
Ş.Pursəfər bu əməliyyatda 14 saylı notariat kontorunun da böyük günah payının olduğunu deyir: “Dövlət notariusu Elmar Kərimov isə milyonlarla manat dəyəri olan əmlakın alqı-satqısını təsdiq edərkən həmin “Avropa Stil” MMC-nin son təsisçilərinin kim olduğunu dəqiqləşdirməli, bunun üçün vergi orqanlarından reyestr məlumatlarını tələb etməli idi. Barat Nasiri də bu məlumatları ona verməli idi. Amma Barat Nasiri xəyanət yolunu tutmaqla notariusa 2006-cı ilin nizamnaməsini verərək özünü müəssisənin yeganə təsisçisi kimi təqdim edib. Bunun sübutu kimi də tək özünün iştirakı ilə keçirilmiş ümumi yığıncağın qərarını notariusa verib. Notarius da səhlənkarlıq və şübhəsiz ki, üzgörənlik edərək bu yalan məlumatla kifayətlənib. Aydın məsələdir ki, hüquqşünası aldatmaq olmaz, onu razı salmaq olar.
Bu mənada mən əminəm ki, dövlət notariusu müəssisənin qanuni təsisçiləri barədəki məlumatları vergi orqanlarından qəsdən almayıb və köhnə sənədlə kifayətlənib”.
İranlı biznesmen notaruisun bu qərarının şübhəli olduğunu düşünür: “Necə olur ki, sadə vətəndaşın şəxsiyyət vəsiqəsinin müddəti bir gün ötəndə notariuslar onların adicə bir ərizəsini də təsdiq etmirlər, amma Elmar Kərimov bir neçə milyon manatlıq əmlakı saralıb qüvvədən düşən quru kağız parçası əsasında satır?”
İş adamı bu məxfi əmlak alqı-satqısı əməliyyatından xəbər tutandan sonra problemi qanun müstəvisində həll etməyə qərar verib. O, bu məqsədlə məhkəməyə müraciət edib: “İş Nərimanov Rayon Məhkəməsinə verilən kimi Barat Nasiri və notariusla əlbir olan alıcılar mənə və şərikimə zəng edərək binanın dəyərinin 10 faizi qədər “halallıq” təklif etdilər. Mən və şərikim isə bundan imtina edib dedik ki, bu əmlakın real və halal sahibi bizik və onu satmaq istəmirik. Biz belə deyəndə onların cavabı bu oldu ki, özünüz bilin, o pulu bizi müdafiə edən şəxsə və məhkəmələrə xərcləyərik, sizə də quru-quru “haqq-ədalət” deyə bağırmaq qalar...
Binanı alan şəxsləri - Aslan Abdullayev və Seyran İbrahimovu müdafiə edənlərə gəldikdə isə öyrəndik ki, onları ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədovun hüquq firması himayə edir. Əlbəttə, məhkəmələrin bu firmanın işlərinə “həssas və nəzakətli” münasibətinin kökündə də bu amil dayanır. Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıqovun bizə münasibəti bütün proses boyunca məhz bu səbəbdən sərtləşdi. Nəhayət, hakim ağa qara deyərək həmin qanunsuz alqı-satqını qüvvədə saxladı və bizə açıq-açığına dedi ki, mən bunu ləğv edə bilmərəm”.
Ş.Pursəfər bildirir ki, bundan sonra onların apelyasiya şikayəti verməkdən başqa çıxış yolu qalmayıb: “Biz ədalət axtarışı ümidi ilə Apelyasiya Məhkəməsinə müraciət etmişik. Lakin bunu da bilirik ki, rinq həmin rinq, yumruq da həmin yumruqdur. İşi hakimlərə nəzarət etmək olan bir nazirin oğlunun hüquq firması bu məhkəmə çəkişməsində necə məğlub elan edilə bilər?! Bu suala cavab verilməsini istəyirəm. Axı mən zillətlə qazandığım pulla, öz layihəmlə, zəhmətimlə bina tikmişəm. Binaya çıxarış almışam, müəssisədəki payımı qanunlar əsasında sənədləşdirimişəm. Azərbaycan Respublikasının Konstitusiyasını oxumuşam. Mülkiyyətin toxunulmazlığı həmin konstitusiyada açıq mətnlə yazılıb. Bəs bu necə olur ki, mənim halal əmlakım Barat Nasirinin xəyanəti, 14 saylı notariusun səhlənkarlığı, alıcıların hiyləsi və məhkəmə hakimlərinin qorxu və laqeydliyi ucbatından məndən zorla alınır? Mən bu suala da cavab istəyirəm”.
İranlı biznesmen sonda yalnız Azərbaycan prezidentinin ədalətinə inandığını və ondan kömək istədiyini vurğulayaraq bildirir: “Mən dövlət başçısı cənab İlham Əliyevə güvənirəm, ondan kömək istəyirəm. Mən prezidentin güvəndiyi, etimad göstərdiyi dövlət adamlarına, məhkəmələrə, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə, hazırda işə baxan Bakı Apelyasiya Məhkəməsinin sədri cənab İman Nağıyevə, ədliyyə naziri cənab Fikrət Məmmədova, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova müraciət edirəm. Mənim yalnız bir tələbim və istəyim var: bu işə yalnız və yalnız qanun və ədalət çərçivəsində baxılsın. Əminəm ki, Azərbaycan dövləti heç kəsin haqqının tapdanmasına, halal əmlakının qanunsuz yolla qəsb edilməsinə imkan verməyəcək, buna göz yummayacaq”.
Qaynar.info