Respublikanın bəzi bölgələrində, xüsusən Qərb rayonlarında iri buynuzlu heyvanlar arasında yolxucu xəstəlik yayılıb. Xəstəliyin müşahidə olunduğu rayonlardan biri də Gədəbəydir.
Sakinlərin bildirdiyinə görə, bu dabaq xəstəliyidir. Xəstəliyə tutulan heyvanların ağzı və ayağı yara tökür. Ağızdan yara tökən heyvanlar bəzən ac qaldığı üçün tələf olur.
Bəs görəsən, bu cür xəstəliyə yoluxan heyvanların kəsilib satışa çıxarıldığı halda, onların ətini təyin etmək mümkündürmü?
Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Aparatının mətbuat katibi Yolçu Xanvəli bildirib ki, xəstəliyin yayılması ilə bağlı onlara məlumat daxil olmayıb: "Bununla bağlı bizə məlumat daxil olmayıb. Bu cür infeksion xəstəliklər olduğu halda heyvanlardan nümunə götrülməlidir. Heyvanın ağız suyundan və dırnaq tacından nümunə götürülərək labaratoriyada müayinə edilir. Bundan sonra heyvanın hansı infeksion xəstəliyə tutulması aydın olur. Bu günə qədər nə Qərb bölgəsindən, nə də digər yerlərdən xəstəliklə bağlı məlumat almamışıq".
Yolçu Xanvəli qeyd edib ki, belə heyvanlar kəsildikdə onların ətini təyin etmək mümkün olmur: "Xəstəlik ancaq labaratoriya şəraitində müəyyən olunur. Dabaq xəstəliyi olan heyvanlar ət tökür, arıqlayır. Bu cür heyvanlar kəsilməməlidir. Kəsiləndən sonra onu təyin etmək mümkün olmur".
Dövlət Baytarlıq Nəzarəti Xidməti Epidemioloji nəzarət və profilaktika sektorunun müdiri Klimet Əsədov da bildirib ki, onlar tərəfindən dabaq xəstəliyi aşkarlanmayıb: "Belə heyvanları kəsmək olmaz. Kəsildikdən sonra təyin etmək mümkün olmur".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az
Şərhlər