Xəbər lenti

Sağlamlıq 17:23 26.09.2025

"Səssiz epidemiya" həyəcanı: 5 ildə 460 faiz artıb, sürətlə yayılır və ölümcül olur

ABŞ-da ən güclü antibiotiklərə belə müqavimət göstərən ölümcül NDM-CRE adlı bakteriya ciddi təhlükə siqnalı verib. 

Qayanrinfo xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu bakteriya artıq qlobal bir sağlamlıq böhranına çevrilib. Sakit şəkildə yayılır, çox vaxt səhv diaqnoz qoyulur və müalicəsi demək olar ki, mümkünsüz hala gəlir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, bu "süper bakteriya" son illərdə sürətlə yayılıb və yalnız ABŞ üçün deyil, bütün dünya üçün böyük təhdidə çevrilib.

CDC-nin laboratoriya məlumatlarına əsasən, 2019–2023-cü illər arasında NDM-CRE bakteriyasının yayılması ölkə üzrə 460 faizdən çox artıb. Bu bakteriya, "karbapenemə davamlı enterobakteriyalar" (CRE) adlı daha geniş və təhlükəli qrupa daxildir.

NDM-CRE "Yeni Dehli metallo-beta-laktamaz" (NDM) adlı ferment istehsal edərək antibiotiklərin təsirini sıradan çıxarır. Buna görə də, demək olar ki, bütün antibiotiklərə qarşı müqavimət qazanır.

CDC-yə görə, təkcə 2020-ci ildə ABŞ-da bu bakteriya 12 min 700 yoluxmaya və 1100 ölümə səbəb olub. Yoluxmalar əsasən sidik yollarında, pnevmoniya, qan infeksiyaları və açıq yaralarda müşahidə olunur. Ən böyük risk isə zəif immunitetli şəxslərdə və xəstəxana mühitində yaranır.

CDC-nin epidemoloqu Daniell Rankin bildirib ki:

"NDM-CRE-dəki kəskin artım ən ağır bakterial infeksiyaları müalicə etmək imkanımızı ciddi şəkildə məhdudlaşdırır. Düzgün müalicəni seçmək heç vaxt bu qədər çətin olmamışdı".

"Fox News"un tibbi analitiki Mark Siqel isə bu vəziyyəti "çox narahatedici tendensiya” adlandıraraq qeyd edib ki, əsas səbəblərdən biri antibiotiklərin həddindən artıq və yanlış istifadəsidir. Onun sözlərinə görə, bu problem yalnız ABŞ-la məhdudlaşmır, dünya üzrə antibiotiklərə davamlı mikroorqanizmlər yayılmaqdadır.

Nyu Cersidəki "Hackensack Meridian" Araşdırma və İnnovasiya Mərkəzinin baş elmi rəhbəri Devid Perlin isə deyib ki, dərman sənayesi bu bakteriyalara qarşı yeni antibiotiklər hazırlamağa kifayət qədər maraq göstərmir, çünki gəlir marjası aşağıdır və investisiya geri dönüşü uzun müddət tələb edir.

O, "NDM-CRE" bakteriyasının daima mutasiya edərək immun sistemi aldatmaq üçün yeni mexanizmlər inkişaf etdirdiyini bildirib. Bu isə xüsusilə yaşlılar, xərçəng xəstələri və orqan köçürülməsi keçirmiş şəxslər üçün ölümcül nəticələr doğura bilər.

Mütəxəssislər hesab edirlər ki, xəstəxanalar daha sürətli və dəqiq test imkanlarına sahib olmalı, tibbi personal bu mövzuda xüsusi təlim keçməlidir. Dr. Perlin xəstələrin də daha diqqətli davranaraq həkimlərinə israrla antibiotik müqaviməti riskini xatırlatmalarının vacibliyini vurğulayıb.

NDM-CRE yalnız xəstəxanalarda deyil, qocalar evlərində, reabilitasiya mərkəzlərində və hətta ictimai mühitlərdə də yayılma potensialına malikdir. Dr. Siqel, xüsusilə immuniteti zəif şəxslərin olduğu məkanlarda dezinfeksiya tədbirlərinin artırılmasının vacibliyini qeyd edib.

Son araşdırmalara görə, geniş istifadə edilən bəzi ağrıkəsicilər bu bakteriyaların inkişafını sürətləndirə bilər. Hələ ilkin mərhələdə olan bu nəticələrə baxmayaraq, alimlər dərmanların lazımsız istifadəsinin prosesi daha da sürətləndirdiyi fikrindədir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->