Alimlər Çin ərazisində bir neçə onillik əvvəl çayın sahilində tapılmış və yaşı təxminən 1 milyon il olan yastılanmış kəllənin rəqəmsal rekonstruksiyasını aparıblar.
Qaynarinfo xəbər verir ki, "Science” jurnalında dərc olunan məqaləyə əsasən, aparılan təhlil "Homo sapiens”, denisovlar və neandertalların yaranma tarixini əvvəllər qəbul ediləndən xeyli daha qədim dövrə çəkir.
Əgər nəticələr qəbul olunarsa, bu, müasir insanın ortaya çıxma tarixini əlavə 400 min il əvvələ çəkəcək və insanın mənşəyi ilə bağlı təsəvvürləri əsaslı şəkildə dəyişəcək. Ənənəvi baxışa görə, qədim DNT araşdırmaları əsasında "Homo sapiens”, denisovlar və neandertalların ortaq əcdaddan təxminən 700–500 min il əvvəl ayrıldığı hesab edilirdi.
Yeni analizə əsasən, denisovlar və müasir insanlar sonuncu dəfə ortaq əcdadı təxminən 1,32 milyon il əvvəl bölüşüblər. Neandertallar isə bu xəttdən daha erkən – təxminən 1,38 milyon il əvvəl ayrılıblar. Bu nəticə o deməkdir ki, denisovlar "Homo sapiens” ilə neandertallardan daha yaxın qohumdur.
Araşdırmanın həmmüəllifi Kris Stringerin sözlərinə görə, bu tapıntı mövcud təsəvvürləri xeyli dəyişir: "Bu, göstərir ki, hələ 1 milyon il əvvəl əcdadlarımız artıq müxtəlif qruplara bölünmüşdü. Bu isə insanın təkamül tarixinin daha qədim və daha mürəkkəb olduğunu sübut edir”.
Bundan əvvəl isə yapon alimləri 40 min il yaşı olan neandertal genini siçanların genetik koduna yerləşdirərək, bunun hansı dəyişikliklərə səbəb ola biləcəyini araşdırmışdılar.
Aydın
Şərhlər