"MTN işi"ndə zərərçəkmiş qismində tanınan iş adamı, "Bioil" şirkətinin sahibi Nizami Kazımov 2015-ci ildə ləğv edilmiş MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Mövlam Şıxəliyevi məhkəməyə verib.
Qaynarinfo-nun məlumatına görə, Nizami Kazımov Mövlam Şıxəliyevdən ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
Onun iddiasına Səbail Rayon Məhkəməsində baxılacaq. İş hakim Rəna Qafarovanın icraatındadır.
Nizami Kazımov 2008-ci ildə MTN-ə çağırılıb və İstintaq Baş İdarəsinin 2-ci şöbəsinin keçmiş rəisi, hazırda həbsdə olan Vüsal Ələkbərovun yanına aparılıb. Vüsal Ələkbərov Nizami Kazımovun guya "Texnikabank"ın əməkdaşları ilə cinayət əlaqəsinə girərək öz kürəkəni Samir Əbdülqasımovun adına olan pulları mənimsədiyini bildirib.
Nizami Kazımov ittihamın əsassız olduğunu desə də, onun barəsində cinayət işi başlanıb. Bir qədər sonra isə iş adamından 2 000 000 dollar tələb edilib. Nizami Kazımov tələb olunan məbləğin yarısını, yəni 1 000 000 dollar verdikdən sonra barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Nizami Kazımov azadlığa çıxdıqdan sonra yerdə qalan 1 000 000 dolları da ödəyib. Bundan sonra Vüsal Ələkbərov ona zəng vuraraq barəsindəki cinayət işinə xitam verildiyini bildirib.
Mövlam Şıxəliyev 2015-ci ildə həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Seyid
Şərhlər