“Bütün istiqamətlərdə fəallığın artması planlaşdırılır”Qaynar.info Müsavat Partiyasının başqanı İsa Qəmbərin “Yeni Müsavat”a verdiyi müsahibəni təqdim edir:
- İsa bəy, Türkiyəyə səfərə gedəcəyiniz xəbəri doğrudurmu? - Böyük Birlik Partiyası Muhsin Yazıçıoğlunun xatirəsi ilə bağlı tədbirlər silsiləsi keçirir. Tədbirlərdən ən böyüyü Eskişəhərdə beynəlxalq simpoziumdur. Bir çox xarici qonaqlar dəvət olunub. Eyni zamanda mən də simpoziuma məruzəçilərdən biri kimi dəvət olunmuşam. Martın sonunda bir neçə günlüyə Ankaraya səfər edəcəyəm. Oradan da Eskişəhərə.
- Səfər zamanı başqa görüşləriniz də gözlənilirmi?- Bu, sırf həmin tədbirdə iştirak etmək üçün səfərdir. Amma təbii ki, Ankarada olarkən Azərbaycan Kültür Dərnəyini mütləq ziyarət edəcəyəm, köhnə dostlarımızla söhbətlərimiz, görüşlərimiz olacaq. Eyni zamanda Ankara türk dünyasının siyasi mərkəzi olaraq çox önəmli bir yerdir və təbii ki, orada hər zaman görüşlər, məsləhətləşmələr olur və olacaq.
- Ankaraya səfəriniz Türkiyə ilə bağlı maraqlı hadisələrin baş verdiyi dönəmə təsadüf edir. İsraillə Türkiyə arasında barışıq, PKK-nın silahı yerə qoyması ilə bağlı Abdulla Öcalanın bəyanat verməsi və bundan sonra başlanan prosesi nəzərdə tuturam. İsraillə Türkiyə arasında münasibətlərin yaxşılaşması bölgəyə nə vəd edir?- Üç illik müqavimətdən sonra İsrailin Türkiyədən üzr istəməsi çox önəmli hadisədir. Bunun həm qısamüddətli, həm uzunmüddətli çox ciddi nəticələri də olacaq. Təbii ki, bu məsələdə ABŞ prezidenti Barak Obamanın rolu danılmazdır. Amma eyni zamanda Obamanın bu təşəbbüsü, İsraillə Türkiyə arasında müttəfiqlik münasibətlərinin bərpası istiqamətində addımlar atması özü Türkiyənin nə qədər önəmli olmasını göstərir. Yəni Obama tutaq ki, Türkiyəni bu mövqedən çəkindirmək xəttini yox, İsrailin Türkiyədən üzr istəməsini təmin etmək xəttini seçibsə, bu özü bir daha Türkiyənin çağdaş dünyada önəmini, gücünü təsdiq edir. Aydın məsələdir ki, bunun çox ciddi nəticələri olacaq. Bu nəticələr inanıram ki, bölgədə sülhə və inkişafa xidmət edəcək, həm də Azərbaycanın strateji müttəfiqi kimi Türkiyənin mövqeyinin güclənməsi Azərbaycanın da maraqlarına tam uyğun bir hadisədir. Eyni zamanda Azərbaycan həm Türkiyə ilə, həm İsraillə kifayət qədər yaxşı əlaqələri olan bir dövlət kimi mövcud vəziyyətdə müəyyən sıxıntı çəkirdi. Bu sıxıntının bitməsi özü də çox müsbət hadisədir.
- Bəzi siyasətçilər iddia edirlər ki, yaxın dönəmdə Türkiyə ilə İsrail Suriya məsələsində atılacaq addımlarda yanaşı addımlayacaqlar. Amerikanın əsas istəklərindən biri də budur. Qarşıda Suriya və İran məsələsini həll etmək dayanır və bu zaman Türkiyə ilə İsrailin bir yerdə olması lazımdır. Bu iddialar əsaslıdırmı?- Suriyadakı qanlı hadisələr, 10 minlərlə insanın həlak olması hamımızın ürəyimizi ağrıdır və bu vəhşətə son qoyulmalıdır. Eyni zamanda Suriyada prosesin dirənməsi təbii ki, bizim böyük bölgəmizdə demokratik dəyişikliklər prosesini ləngidən bir amildir. Bu baxımdan, Suriyada müsbət dəyişikliklərin olması arzu olunandır. Aydın məsələdir ki, Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşması bu prosesə öz təsirini göstərəcək. Eyni zamanda hesab edirəm ki, istər Suriya, istər İran, istərsə də başqa bölgə dövlətləri özləri də bu prosesdən müəyyən nəticələr çıxarmalıdırlar. Türkiyə ilə İsrailin münasibətlərinin normallaşmasının bölgədəki vəziyyətə gətirdiyi yenilikləri hesablamağı bacarmalıdırlar ki, proseslər mümkün qədər normal şəkildə davam eləyə bilsin.
- PKK ilə bağlı məlum hadisəni necə qiymətləndirirsiniz? Sizcə, proses bundan sonra geriyə dönməz xarakter alacaq, yoxsa müvəqqəti barış olacaq? Ümumiyyətlə, bu hadisə Türkiyə və bölgə üçün uğurlu hadisə sayıla bilərmi?- Kifayət qədər ciddi hadisədir. Terrorun dayanması, terrorçu təşkilatın silahlı fəaliyyətdən imtina etməsi, öz silahlı dəstələrini Türkiyədən çıxarmağa razılaşması çox önəmli hadisədir. Bunun eyni zamanda Türkiyənin bütünlüyü şəraitində baş tutmasına razılıq verilməsi baş nazir Ərdoğanın çox ciddi bir uğurudur. Əgər proses bu şəkildə də davam edəcəksə, təbii ki, bu uğurun nə qədər böyük olduğunu hər kəs qəbul edəcək. Hesab edirəm ki, bütövlükdə müsbət hadisədir və eyni zamanda bu prosesin nə cür gedəcəyi, hansı şəkildə gedəcəyi, hansı qərarların qəbul ediləcəyi də çox önəmlidir. Təbii ki, Türkiyənin güclənməsində, inkişafında maraqlı olan Müsavat Partiyası Türkiyədə, bölgədə gedən bu prosesləri diqqətlə müşahidə etməkdə davam eləyəcək.
- Prezident seçkilərinə qədər olan aylarda Avropa və Amerikaya səfərləriniz gözlənilir?
- Həm Avropa ölkələrindən, həm ABŞ-dan, həm də digər ölkələrdən dəvətlər var. Bunu biz öz iş qrafikimizə uyğun şəkildə gerçəkləşdirəcəyik.
- Ötən həftə İsrail və Fələstinə səfər edən ABŞ prezidenti Barak Obama Qüdsdə çıxış edərkən avtoritar rejimlərə mesaj verib ki, bundan sonra avtoritar rejimlərlə razılaşmalar dövrü bitib. Bu bəyanatı müəyyən mənada Azərbaycana da aid etmək olar?- Bu, çox önəmli bir bəyanatdır və prezident Obamanın 2010-cu ilin sentyabrında BMT-nin Baş Assambleyasında etdiyi çıxışın məntiqi davamıdır. Hesab edirəm ki, bütün dünyada, o cümlədən bölgədə və Azərbaycanda gedən proseslərə öz müsbət təsirini göstərəcək bəyanatdır. Bu bəyanatın mən iki baxımdan Azərbaycan üçün önəmli olduğunu düşünürəm. Bir tərəfdən demokratik ölkələrin artıq avtoritar liderlərin nazı ilə oynamayacaqlarının anonsu kimi qiymətləndirilməlidir bu bəyanat. Eyni zamanda biz hər zaman deyirdik ki, Qarabağ məsələsinin həlli, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi məsələsi, sadəcə olaraq, Azərbaycandakı və Ermənistandakı avtoritar rejim başçılarının qəbul edəcəyi qərar deyil, bu, xalqların qərarı olmalıdır. Mən Obamanın avtoritar dövlət başçıları haqqında dediyi sözü həm də bu konfliktin həlli istiqamətində bir önəmli açıqlama kimi dəyərləndirirəm.
- Müsavat Partiyasının seçki hazırlıqları nə yerdədir?- Müsavat Partiyası seçkiyə hazırlığını öz fəaliyyət proqramına uyğun şəkildə davam elətdirir. Kifayət qədər səmərəli şəkildə işlərimizi həll edirik, addımlarımızı atırıq.
- Prezidentliyə namizədliyini irəli sürənlərin sayı getdikcə artır. Az qala hər həftə bir-iki nəfər namizədliyini elan edir. Vəziyyətin bu şəkil almasına, namizədlərin çoxalmasına münasibətiniz necədir?- Hesab edirəm ki, qeyri-adi bir şey yoxdur. Sadəcə olaraq, təəssüf ki, cəmiyyət beş il, 10 il əvvəlki seçki proseslərini faktiki olaraq unudur. Həmin dövrdəki qəzetləri, elə öz qəzetinizin nömrələrini qaldırın, eyni prosesi 2003-cü ildə də görəcəksiniz ki, hər həftə kimsə namizədliyin bəyan edirdi. Sonra da görəcəksiniz ki, onların çox az bir qismi seçki marafonunda sona qədər yola davam etdi. O baxımdan qeyr-adi bir şey yoxdur. Eyni zamanda namizədliyini irəli sürmək hər bir vətəndaşın hüququdur. Siz də hələlik onların hamısını özünüz qeydə alın ki, sonra namizədlərdən kiminsə adı çəkilməyəndə sizdən inciməsinlər.
- Yaxın dövrlərdə bölgələrə səfərləriniz nəzərdə tutulurmu?- Bütün istiqamətlərdə fəallığın artması planlaşdırılır. O cümlədən bölgələrə səfərlər də planlaşdırılır.
- İctimai Palatanın seçki ilə bağlı qərarı nə vaxt veriləcək? Məlumata görə, növbəti aprel sessiyasında bir qərar veriləcək. Gözlənilirmi?- Aprel ayında təbii ki, sessiya keçiriləcək. Hansı qərarların verilməsi isə bütün İctimai Palata üzvlərindən asılı məsələdir. Məsləhətləşmələrimiz davam edir.