
"Müsavat Partiyası Azerbaycanda keçirilməsi nəzərdə tutulan 1-ci Avropa Oyunlarının beynəlxalq miqyasda boykot olunması kampaniyasına başlayacaq"
Qaynar.info xəbər verir ki, bunu Müsavat Partiyası başqanı İsa Qəmbər öz "facebook" səhifəsində yazıb.
İsa Qəmbər bildirib ki, bu qərarı hazırda həbsdə olan müsavatçı Tofiq Yaqublunun təklifi əsasında qəbul ediblər: "Dostumuz Tofiq Yaqublunun təklifini müzakirə etdik, dəqiqləşdirdik və qəbul etdik. Rejim 2014-cü ilin Novruz bayramına qədər bütün siyasi məhbusları azad etməsə və ciddi siyasi islahatlara başlamasa, Müsavat Partiyası Azərbaycanda keçirilməsi nəzərdə tutulan 1-ci Avropa Oyunlarının beynəlxalq miqyasda boykot olunması kampaniyasına başlayacaq".
Xatırladaq ki, bir müddət bundan öncə Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu ölkədəki müxalif qüvvələrə təklif göndərib. Təklifdə deyilir: “Əgər iqtidar yaxın zamanda demokratik islahatlara getməsə, Seçki Məcəlləsini dəyişdirməsə, siyasi məhbusları azad etməsə, demokratik müxalifət 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarının boykot edilməsi üçün beynəlxalq ictimaiyyətə müraciət etməlidir. Bu yöndə dünyanın demokratiya mərkəzləri ilə ciddi işə başlamaq lazım gələcək. Bu, çox aktualdır. Axı 2015-ci il həm də parlament seçkisi ilidir. Hakimiyyətin düşünməyə lap az vaxtı qalıb. Yubanmadan demokratik islahata başlanılmalıdır”.
Elkin Xəlilov
Qaynar.info