Yanvarın 13-də saat 14.35-da Lənkəranın girəcəyində «Armudu stəkan» adlı ərazidə Müsavat Partiyası rəhbərliyinə hücum olub.
Bu haqda AzadlıqRadiosuna Müsavat başqanın müavini Gülağa Aslanlı məlumat verib.
Gülağa Aslanlının sözlərinə görə, onlar Müsavat Partiyası Lənkəran rayon şöbəsinin yaranmasının 20 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak etmək üçün Lənkərana gedirmişlər:
«İsa Qəmbər, Arif Hacılı, Arzu Səmədbəyli, Sevinc Hüseynova, Valeh Hümmətoğlu və mən Lənkəranın girəcəyində hücuma məruz qaldıq. Bir neçə maşın bizim maşınların qarşını kəsdilər. Öyrədilmiş insanlar bizim maşınlara hücum edib, biz təhqir elədilər. Maşınlarımızı əzdilər və bizi ölümlə hədələdilər. Maşından çıxıb İsa Qəmbərin maşınını qorumaq istəyəndə maşını mənim ayağımın üstünə sürdülər. Bundan sonra geri qayıtmaq məcburiyyətində qaldıq».
Gülağa Aslanlı deyir ki, hazırda onlar zədəli maşınlarla Bakıya qayıdırlar:
«Arxada və qarşıda içi adamla dolu bir neçə maşın var. Onlar bizim Lənkərandan çıxmağımızı gözləyirlər. Onlar arasında mülki geyimli polislər də var. Yol boyu maşınlar dayanıb. Onların içində kifayət qədər öyrədilmiş qadınlar var idi. Onlar özlərini maşınların qabağına atırdılar, müxtəlif əşyalarla maşınlara vururdular. Yumurta atırdılar. Şəxsən mənə o yumurtadan ikisi dəyib. Eşidirsiz, bu dəqiqə də bizə hücum edirlər, yəqin maşınımıza dəyən zərbələrin səsini eşidirsiniz? İndi bizə Qumbaşı yolunda hücum oldu. Zədəli maşınlarla geri qayıdırıq. Bütün bunlar Azərbaycanda demokratiyanın hansı səviyyədə olduğunu göstərir».
Hadisəylə bağlı Lənkəran şəhər Polis idarəsindən AzadlıqRadiosunun telefon zənglərinə cavab verən olmayıb.
Qaynar.info