Xəbər lenti

İşimizi daha da “ASAN”laşdıraq
Ölkə09:34 01.11.2013

İşimizi daha da “ASAN”laşdıraq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“ASAN xidmət” prezident İlham Əliyevin 2012-ci il 13 iyul tarixli, 685 nömrəli Fərmanına əsasən yaradılıb. Dövlət başçısının ideyası olaraq ərsəyə gələn bu qurum, şəffaf fəaliyyəti, insanlarla məmur arasındakı problemi daha sivil həll edən, az qala kontaktsız bir formada fəaliyyətini quran bir təşkilat və idarəetmə sistemində mühüm bir islahatdır.

“ASAN xidmət” vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və elektron xidmətlərdən daha geniş istifadə olunması məqsədləri daşıyır. Prezident İlham Əliyevin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda çıxışına nəzər salsaq,

“ASAN Xidmət”in cəmiyyətin həyatındakı rolunu prezidentin dilindən daha aydın şəkildə görmək olar: “Korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. Cəza tədbirləri tətbiq olunur və tətbiq olunacaq. Eyni zamanda, inzibati tədbirlər və sistem xarakterli addımlar atılır və atılacaq. Onların içində elektron hökumət, elektron xidmətlər xüsusi yer tutur: “Asan xidmət”in fəaliyyətini mən xüsusi vurğulamaq istəyirəm”.
Təsadüfi deyil ki, bu gün xidmət dedikdə, ağıla gələn ilk şey “ASAN xidmət”dir. 25 funksiya üzrə çox uğurlu iş strategiyasını quran, korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu bir layihə kimi ortaya çıxan “ASAN Xidmət” vətəndaş məmnunluğuna nail olmaq baxımından bu gün böyük maraq doğurur.

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkumluq barədə arayışların verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, notariat fəaliyyəti, torpaq kadastrı barədə arayışların verilməsi, kommersiya hüquqi şəxslərin və vergi ödəyicilərinin qeydiyyatı, əmək pensiyalarının təyin edilməsi, sığorta xidməti, nikahın rəsmiləşdirilməsi kimi xidmətlərdən vətəndaşlar yararlanır.

Bəs görəsən, bu günə kimi ASAN xidmətdən yararlanan 640 mindən çox vətəndaş, daha hansı xidmətlərdən məmnun qala bilər?

Ötən ayın birinci yarısında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında 9 ay ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 138 cinayət işinin bütün sahələri əhatə etdiyini deyib.
Həmin cinayət işləri əsasən vergi, səhiyyə, nəqliyyat sahəsi, hüquq-mühafizə orqanları, bələdiyyələr, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, “Azərenerji”, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, bank və özəl sektorla bağlı olub.
Bu sektorlarda olan bir çox xidmətlərin “ASAN Xidmət”in göstərdiyi xidmətlər siyahısına daxil edilməsi korrupsiya ilə mübarizə sahəsində daha effektiv addım olmazmı? 

Yol polisinin sürücülərə tətbiq etdiyi cərimələrin ödənilməsi, sürücülük vəsiqəsinin verilməsi, yaşayış yerindən arayış məsələsinin “ASAN xidmət”də öz əksini tapması, telefon çəkilişləri ilə bağlı xidmətlər, ipoteka krediti ilə bağlı sənədlərin verilməsi, imkansız ailələrin sosial təminat almaq üçün sənəd toplaması, banklar tərəfindən verilən kreditlərin bu xidmətdə öz əksini tapması və beləliklə insanların banklar tərəfindən yubadılmasının qarşısının alınması və s. kimi xidmətlər “ASAN Xidmət”in göstərdiyi xidmətlər sırasına daxil edilərsə, vətəndaş məmnunluğuna nail olmaq baxımından müsbət irəliləyiş olmazmı?
İnformasiya və Texnologiyaları İnstitutunun sektor müdiri Rasim Mahmudov qeyd edib ki, vətəndaşlar hansı xidmətlərə ehtiyac duyursa, hansı xidmətlərlə bağlı daha çox problemlərlə üzləşirsə, həmin xidmətlər tədricən “ASAN Xidmət”in göstərdiyi xidmətlər sırasına daxil edilməlidir.
“Bu sıraya vergi xidmətlərinin ödənilməsi, müxtəlif vətəndaş vəziyyəti aktlarının icrası ilə bağlı məsələlər, elektron xidmətlər daxildir. Bunların hər birinin “ASAN Xidmət” çərçivəsində xidmət göstərməsi məqsədəuyğundur”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də vətəndaşlar üçün sosial əhəmiyyət, ictimai-kütləvi əhəmiyyət kəsb edən xidmətlərin, Daxili İşlər Nazirliyində, Təhsil Nazirliyində və digər sosial sahələrdə olan ictimai-kütləvi xidmətlərin də “ASAN Xidmət”in verdiyi xidmətlər siyahısına daxil edilməsini məqsədəuyğun hesab edir.
“Mənzillərin qeydiyyatı, əmlak məsələlərinin hüquqiləşməsi, müxtəlif icra orqanları ilə bağlı bəzi prosedur məsələlər, vətəndaşların müraciətlərini əhatə edən qeydiyyat və registr işləri “ASAN Xidmət”in fəaliyyətinə, əhatə dairəsinə daxil ola bilər”, bu fikirləri millət vəkili Zahid Oruc bildirib.

Deputatın sözlərinə görə, söhbət təbii ki, indiyədək hökümətin ayrı-ayrı qurumlarının səlahiyyətlərinin başqa bir təşkilata verilməsindən getmir.

“Hesab edirəm ki, xidmətin asanlaşması, onun əlçatanlığı, vətəndaş üçün funksiyalanması, şəffaflıq, korrupsiyaya son qoyulması baxımından çox mütərəqqi olan bu proses irəliyə doğru davam edəcək. Və "ASAN xidmət" mərkəzləri çərçivəsində göstərilən xidmətlər təbii ki, cənab prezident İlham Əliyevin fərmanına əsasən müəyyənləşə bilər”.

Mirvari Nəzərova
PS. Yazı Multimedia Mərkəzi tərəfindən keçirilən “Onlayn Media” müsabiqəsinə təqdim olunur