Xəbər lenti

İsmayıl Ömərov sükutu pozdu - YENİLƏNİB
Ölkə08:47 25.01.2014

İsmayıl Ömərov sükutu pozdu - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İctimai Televiziya və Radio yayım Şirkətinin keçmiş sədri İsmayıl Ömərov vaxtilə rəhbərlik etdiyi qurumdan maliyyə yeyintisi barədə yayılan xəbərə münasibət bildirib. 

İ.Ömərov AzNews.az-a açıqlamasında qeyd edib ki, barəsində yayılan xəbərlər həqiqəti əks etdirmir. 

O, Hesablama Palatasının İTV-də apardığı yoxlama zamanı onun tərəfindən yeyinti faktının aşkarlanmasına mövqeyini “Mən bunu bir sözlə ifadə etmək istəyirəm. Yalançının...”,- deyə sərt formada ifadə edib.

***

Bu açıqlamadan sonra İTV-nin keçmiş direktoru İsmayıl Ömərov “Qafqazinfo” saytını məhkəməyə verib. 

AzNews.az xəbər verir ki, buna səbəb yanvarın 25-də saytda İsmayıl Ömərovun İTV-dən 100 min manat oğurlaması barədə yayılan məlumat olub.  Sayt iddia edib ki, Hesablama Palatası İTV-də aparılan yoxlama zamanı İ.Ömərovun 100 min manat mənimsədiyini ortaya çıxarıb. 

İ.Ömərov barəsində yayılan məlumatın həqiqətə uyğun olmadığını, onun nüfuzuna ciddi zərbə vurduğunu bildirərək məhkəməyə müraciət edib.  İTV-nin keçmiş direktorunun vəkili artıq bununla bağlı sənədləri Nərimanov rayon Məhkəməsinə təqdim edib.

Məsələ ilə bağlı mövqeyini AzNews.az-la bölüşən Qafqazinfo saytının baş direktoru Elbrus Ərud isə xəbərdə yanlışlığın olmadığını bildirib: “Əvvəla bu gün yazdığımız xəbərə İsmayıl Ömərovun verdiyi reaksiya, yəni “yalançının...” ifadəsi əslində İTV kimi bir quruma bu adamın 9 il ərzində necə rəhbərlik etməsi ilə bağlı məndə şok effekti yaratdı. Baxmayaraq biz onun cavabını qarşı tərəfin mövqeyi kimi yazıya əlavə edərək vermişik. İkincisi, məhkəməyə vermək onun hüququdur. Buyursun müraciət etsin, biz də lazım olan şəkildə müdafiə olunarıq. Üçüncüsü, mən İTV və İsmayıl Ömərov haqqında daim yazmışam. 

Bu proses İsmayıl Ömərov İTV-dən çıxarılan dövrə qədər davam edib. Bu xəbərlərdən birini deyə bilərəm. Məsələn, onun öz nəvəsini uşaq Avroviziya müsabiqəsinə göndərməsi. Sonrakı dövrlərdə kifayət qədər informasiya daxil olsa da, yazmağı məsləhət bilməmişik. Daim bir adam haqqında yazmaq jurnalistin qərəzini göstərə bilər. 

Baxmayaraq ki, İsmayıl Ömərovun hətta İTV-də hansı əməlləri törətdiyi haqda şok xəbərlər daxil olub. Məni tanıyanlar bilir ki, havanı iyləyib xəbər yazan jurnalistlərdən deyiləm. Daxil olan xəbərlərin bir çoxu şəxsi müstəvidə olduğu üçün yazmağı məsləhət görməmişəm. Zərurət yaranarsa əlimdə olan bütün xəbərləri yazaram, ondan sonra mən haqsız olaramsa, İsmayıl Ömərov məhkəmədə məndən daha çox şey tələb edər. Haqlı olaramsa, cəmiyyət İsmayıl Ömərovu daha yaxşı tanıyar. Mənim onlarla tələbə yoldaşım İTV-də çalışıb və İsmayıl Ömərovun “xarüqələrindən” yaxşı xəbərdaram. Sadəcə İsmayıl Ömərovun həmkar olmağı və qərəzli görünməkdən qorxmağım bunları yazmağa imkan verməyib”. 

Maraqlıdır ki, İTV-nin eks rəhbəri "Qafqazinfo"nu məhkəməyə verdiyini desə də, nə tələb etdiyini açıqlamayıb.

Qaynar.info