Foto 17:28 16.11.2021

İsmayıllı meşələri necə məhv edilir? - Səlahiyyətli şəxslərin başı dərddə (FOTO/VİDEO)

İsmayıllı meşələrində uzunillik palıd ağaclarının kəsilməsi ilə bağlı araşdırmalar davam edir. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bu məsələnin üstünə ciddi düşüb.

Məlumatda bildirilir ki, artıq Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, onun Kamil adlı müavini, Füzuli, Xanmusa, Ramin adlı sahə rəisləri və Sabir adlı meşəbəyi Korrupsiyaya Qarşı Mübariəz İdarəsinə çağırılıb. 

Qeyd edilir ki, onlar idarədə fakt qarşısında qalaraq baş verənləri etiraf ediblər. Xüsusilə, Füzuli və Sabir adlı sahə rəisləri baş verənlərə görə məsuliyyəti Əfqan Qəribov və onun himayədarlarının üzərinə atıb. 

Məlumata görə, bu məsələdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament rəhbəri Namiq Xıdırovun da başı ağrıya bilər. Çünki Əfqan Qəribovun əsas himayədarı kimi onun adı çəkilir. Vaxtilə tələbə yoldaşı olan Namiq Xıdırovla Əfqan Qəribov yaxın dostdurlar. 

Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri və işçilərindən əvvəl onlardan şikayətçi olan sahibkar Novruz Gülməmmədov Korrupsiyaya Qarşı Mübarizə İdarəsində olub. O əlində olan faktları idarəyə təqdim edib. Məlumata görə, Novruz Gülməmmədovda ondan rüşvət tələb olunması ilə bağlı audiofakt, həmçinin İsmayıllı meşələrinin məhv edilməsi ilə foto və videofaktlar olub. 

Bu arada Qaynarinfo da İsmayıllı meşələrində baş verənləri əks etdirən video və fotolar əldə edib. Həmin görüntüləri təqdim edirik.

Seyid