"Trampın prezident seçilməsi İsraili İranla böyük qarşdurmaya sövq edə bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İsrailin İrana endirdiyi cavab zərbəsi fonunda eskalasiyanın necə cərəyan edəcəyini şərh edərkən deyib.
"Hələlik İsrailin zərbələrinin dəqiq miqyası haqqında ətraflı məlumat yoxdur. İran mediasında yer alan məlumata əsasən, zərbələr məhdud olub və SEPAH obyektləri hədəf seçilib. Buradan belə qənaətə gəlmək olar ki, Vaşinqtonun da mövqeyini nəzərə almaqla İsrail İranla müharibəyə səbəb olmayacaq həddə, ancaq imicini qorumaq üçün zərbələr endirib", deyə Kənan Rövşənoğlu bildirib.
Həmsöhbətimiz qeyd edib ki, cavab zərbələrinin davamının necə olacağı İrandan asılıdır:
"Əgər İran İsrailə cavab zərbəsi endirməyə qərar versə, o zaman bu "cavab-cavab" silsiləsi yüksələn xətlə davam edə və böyük müharibəyə qədər gedə bilər. Ancaq hələlik görünən odur ki, eskalasiyanın yüksəlmək ehtimalı azdır. Hər şey İranın cavabından və Amerikada gələn ay olacaq seçkilərdən asılı ola bilər. Trampın prezident seçilməsi İsraili İranla böyük qarşdurmaya sövq edə bilər".
Qeyd edək ki, İsrail çoxdandır gözlənilən addımı ataraq nəhayət ötən gecə İrana cavab zərbələri endirib. İsrail tərəfi əməliyyatda iştirak edən təyyarələrin salamat ölkəyə qayıtdığı bildirib. Onların açıqlamasına görə, hücumun hədəfi raket zavodları olub. "Yer-hava” raket sistemləri və "İranda İsrail aviasiyasının fəaliyyət azadlığını məhdudlaşdıra bilən" digər obyektlər hücuma məruz qalıb.
"Zərbə son aylarda İran rejiminin İsrail dövlətinə və onun vətəndaşlarına qarşı hücumlarına cavab olaraq həyata keçirilib. Cavab zərbəsi başa çatıb və missiya yerinə yetirilib", deyə İsrail ordusunun açıqlamasında qeyd edilir.
Xatırladaq ki, İran İsrailə oktyabrın 1-də zərbələr endirmişdi.
Rüfət Sultan
Şərhlər