
İran bazar günü ölkənin hava səmasında vurulan və İsrailə aid olduğu bildirilən pilotsuz kəşfiyyat təyyarəsinin qalıqlarının videogörüntülərini yayıb.
İnqilab Keşikçiləri Korpusunun aerokosmik qüvvələr komandanı, briqada generalı Əli Hacızadə bu gün keçirdiyi brifinqdə deyib ki, pilotsuz təyyarə Natanz nüvə mərkəzi üzərində kəşfiyyat apararkən yer-hava raketi ilə vurulub. General təyyarənin bəzi hissələrinin salamat qaldığını və hazırda onların araşdırıldığını bildirib.
General Hacızadənin dediyinə görə təyyarə supermüasir mühafizə sistemlərinə malik olub və praktiki olaraq radarlara yaxalanmır. Buna baxmayaraq İranın aerokosmik qüvvələri onu aşkar edə və vura bilib. General deyib ki, təyyarə İsraildə istehsal olunub və “Hermes” adlanır. Bu nəsildən olan təyyarələrin ən müasiridir. Təyyarə yanacaq götürmədən 800 kilometr, əlavə yanacaq götürməklə 1600 kilometr uça bilir. Hazırda İran mütəxəssisləri təyyarənin sirlərini öyrənməyə çalışırlar.
İsrailin “Canal 9” kanalı (9tv.co.il) isə bildirir ki, İran İsraili casusluqda ittiham edir, ancaq bunu sübut etmək üçün heç bir dəlil göstərməyib. Telekanalın bildirdiyinə görə təyyarənin İsraildə istehsal edilməsi və “Hermes” markalı olması hələ onun İsrailə məxsus olmasını sübut etmir. “Versiyalardan birinə görə pilotsuz ttəyyarə İsraildən yox, İranla qonşu ölkələrdən birindən buraxılıb. Qeyd etmək lazımdır ki, İsrail “Hermes” markalı təyyarələri Azərbaycana, Gürcüstana, Qazaxıstana da satıb” telekanal bildirir.//xeber365.com